Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin yeni Prezidenti İshak Hersoqla telefonla danışıb.
Teleqraf.com xəbər verir ki, Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya idarəsinə istinadən verdiyi məlumata görə, R.T.Ərdoğan İ.Hersoqu yeni vəzifəsi münasibətilə təbrik edib.
İki ölkə lideri arasında Türkiyə-israil əlaqələri, regional məsələlər müzakirə olunub.
Türkiyə-İsrail münasibətlərinin Yaxın Şərqin təhlükəsizliyi və sabitliyi üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayan Prezident Ərdoğan iki ölkə arasında enerji, turizm və texnologiya başda olmaqla müxtəlif sahələrdə əməkdaşlıq üçün yüksək potensialın olduğunu vurğulayıb. Prezident Ərdoğan, pandemiyaya baxmayaraq, ikitərəfli ticarətin artdığını və bu potensialdan faydalanmağın ümumi maraqlara xidmət etdiyini bildirib.
İki dövlət arasındakı fikir ayrılıqlarına baxmayaraq, münasibətlər və dialoqun davam etdirilməsinə əhəmiyyət verdiyini deyən Prezident Ərdoğan beynəlxalq ictimaiyyətin Fələstin-İsrail münaqişəsinin BMT qətnamələri çərçivəsində daimi sülhün və problemlərin hərtərəfli həllini gözlədiyini qeyd edib.
Prezident Ərdoğan, Fələstin-İsrail münaqişəsinin həllində atılacaq müsbət addımların, Türkiyə-İsrail münasibətlərinin müsbət inkişafına da təkan verəcəyini bildirib.