“Taliban” Türkiyənin Əfqanıstanda hərbi mövcudluqla bağlı qərarını qınayır.
Teleqraf.com xəbər verir ki, bu barədə radikal hərəkatın yaydığı bəyanatda bildirilib.
“Türkiyənin qərarı tələskəndir, bu bizim suverenliyimizin, ərazi bütövlüyümüzün pozulmasıdır və milli maraqlara ziddir. İslam əmirliyi (“Taliban” idarəetmə sisteminin qondarma adı) Türkiyənin bu addımını qətiyyətlə pisləyir və bunun Türkiyə və Əfqanıstan xalqları arasında problemlərə səbəb olacağını hesab edir”, - deyə “Taliban”ın bəyanatında bildirilib.
Sənəddə “Taliban”ın Əfqanıstanda hər hansı ölkənin hərbçilərinin olmasını işğal kimi qəbul edəcəyi də qeyd edilir. “Taliban” Ankaranı türk ordusunun Əfqanıstanda qalacağı təqdirdə müqavimət göstərəcəkləri barədə xəbərdar edib və bildirib ki, nəticələrə görə məsuliyyət “daxili işlərə qarışanların” çiyinlərində qalacaq.
“Bizim siyasətimiz dəyişmir: qarşılıqlı əsasda bütün ölkələrlə pozitiv münasibətlər qurmağa çalışırıq. Başqalarının daxili işlərinə qarışmırıq və kiminsə bizim işimizə müdaxilə etməsinə icazə vermərik”, - radikal hərəkatın bəyanatında qeyd olunur.