Rusiya Prezidenti Vladimir Putin “Ruslar və ukraynalıların tarixi birliyi haqqında” məqaləsini niyə yazdığını izah edib.
Teleqraf.com xəbər verir ki, Putin bir neçə aydır sözügedən materialı hazırlamaq barədə düşündüyünü deyib.
“Ümumiyyətlə, niyə belə bir fikrim var idi? Bir qayda olaraq, adi həyatımızda işimizlə, uşaq yetişdirməyimizlə, bəzi hobbilərimizlə məşğul oluruq, amma bu tip və təbiətdəki sualları xüsusilə düşünmürük. Eyni zamanda, vəziyyət hansı dünyada yaşadığımızı və ən yaxın qonşularımızla münasibətlərimizi daha yaxından araşdırmağımızı tələb edir”, - Rusiya lideri bildirib.
O, bunun tarixi faktlara, hadisələrə və sənədlərə əsaslanan analitik material olduğunu iddia edib. Rusiya lideri vurğulayıb ki, burada deyilənlərlə mübahisə etmək çətin olacaq. O, Ukrayna hakimiyyətinin məqaləsini müzakirə etməzdən əvvəl diqqətlə təhlil edəcəyinə inandığını söyləyib.
Putin əlavə edib ki, material həm Rusiya, həm Ukrayna sakinlərinə, həm də “Ukrayna siyasi rəhbərliyinin sponsorları”na ünvanlanıb: “Onlar da bizim kim olduğumuzu və bir-birimizlə necə əlaqəli olduğumuzu bilməlidirlər. Məncə bu hər kəs üçün vacibdir”.
Prezident məqaləsini şərh edərkən, “anti-Rusiya layihəsi”ndən də bəhs edib. Onun sözlərinə görə, bunun üzərində fəal iş aparılır. Putin layihənin XVII-XVIII əsrdə başladığını və daha sonra Birinci Dünya Müharibəsindən əvvəl Polşa milli hərəkatı və Avstriya-Macarıstan tərəfindən istifadə edildiyini deyib. Prezident Rusiyanı zəiflətməyə cəhdlərin olduğunu bildirib.
Onun fikrincə, milyonlarla ukraynalı Rusiya ilə münasibətləri bərpa etmək istəyir: “Bəzi siyasi qüvvələr də bunu istəyir, lakin qanunsuz yollarla qarşısı alınır. Moskva da öz növbəsində Kiyevlə münasibətləri hər şəkildə davam etdirməyə və bütün qonşuları ilə tərəfdaş olmağa hazırdır”.
Bundan əlavə, Rusiya prezidenti Ukraynanın hərbi fəaliyyətlərinə də diqqət çəkib. Moskvanın bununla bağlı narahatlığını dilə gətirib.