Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama Konqresə keçirilən aralıq dönəm seçkilərinin nəticələrinə münasibət bildirib.
Bir qədər əvvəl baş tutan səsvermədə respublikaçılar həm Nümayəndələr Palatası, həm də Senatda mandat üstünlüyü əldə etmişdilər.
Demokrat Barak Obama Ağ Evdə çıxışı zamanı Respublikaçılarla aralarında olan ziddiyyətli məsələlərin həllində birgə çalışmağa hazır olduğunu deyib.
“Mən bir prezident kimi bu şəhərin (Vaşinqton) işini təmin etməkdə məsuliyyət daşıyıram. Ötən gün öz səs hüququndan istifadə edən vətəndaşlara, eyni zamanda, prosesə qatılmaqdan imtina edən şəxslərə səslənirəm. Sizi eşitməyə hazıram. Biz elə etməliyik ki, amerikalılar sağlam dayaq üzərində olduqlarını hiss etsinlər” - deyə Obama qeyd edib.
Obama çıxışı zamanı, əsasən, İŞİD terrorçu qruplaşmasına qarşı mübarizə və İranın nüvə məsələsini gündəm gətirib. Ağ Ev rəhbəri qeyd edib ki, hökumət İŞİD-ə qarşı mübarizədə hərbi gücdən istifadə etmək məqsədilə yeni səlahiyyətlərə nail olmaq üçün Konqresə müraciət edəcək./anspress/