21 İyul 2021 14:33
2 744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taliban hərəkatının sözçüsü Zabihullah Mücahid Əfqanıstandakı müharibəyə son qoyulması və siyasi həll üçün müsəlman ölkələrindən dəstək gözlədiklərini, Türkiyə ilə yaxşı əlaqələr qurmaq istədiklərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Əfqanıstanda problemin həllinin əhatəli İslam hökuməti çərçivəsində ola biləcəyini iddia edən Taliban sözçüsü sülh və təhlükəsizliyi bərpa etmək və yenidənqurma prosesinə başlamaq üçün digər ölkələrlə işləməyi arzuladıqlarını bildirib.

Siyasi həll və Əfqanıstandakı müharibəyə son qoyulması üçün xüsusilə müsəlman ölkələrindən dəstək uman Mücahid Türkiyə ilə də yaxşı əlaqələr qurmaq istəyini dilə gətirib:

“Türkiyə ilə yaxşı əlaqələr qurmaq istəyirik, Türkiyə bizim qardaşımızdır, inanca əsaslanan bir çox ortaq nöqtəmiz var. Türkiyənin keçmişini kənara qoyub bu gün və gələcəyinə dönməsini istəyirik. Bundan sonra dialoq istəyə bilərik”.

O, Əfqanıstan və bölgədə barışıq təmin etmək üçün İstanbulda keçiriləcək istənilən sülh konfransı ilə əlaqədar hər fürsətdən istifadə etdiklərini deyib.

Mücahid Kabil hava limanının, diplomatik missiyaların və səfirliklərin təhlükəsizliyinin əfqanların məsuliyyətində olduğunu, əks-mövqenin ölkənin daxili işlərinə müdaxilə olaraq qiymətləndirəcəklərini dilə gətirib.

Qeyd edək ki, NATO və ABŞ hərbi qüvvələrinin Əfqanıstandan geri çəkilməsindən sonra xarici ölkələrin diplomatik nümayəndəlik və səfirliklərinin, eləcə də Kabil hava limanının təhlükəsizliyini Türkiyə hərbi qüvvələri təmin edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər