22 İyul 2021 13:33
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq aləmdə yeni qalmaqal yaşanır. ABŞ, Böyük Britaniya və NATO Çini “Microsoft” şirkətinin serverlərinə genişmiqyaslı kiber hücumlarda ittiham edib. Söhbət dünya üzrə təxminən 4 milyon serveri əhatə edən hücumdan gedir. Aparılan təhqiqatlar nəticəsində hücumların arxasında Çin Təhlükəsizlik Nazirliyinin dayandığı bəlli olub. Amerikalı mütəxəssislər hesab edirlər ki, Çinin Təhlükəsizlik Nazirliyi bu işdə dünyadakı kiber cinayətkarların “əməyindən” istifadə edib, hücumlar onlarla imzalanan müqavilələr əsasında təşkil edilib.

Bu barədə Teleqraf.com-a “Atlas” Araşdırmalar Mərkəzindən daxil olmuş analitik materialda bildirilib.

Məqalədə qeyd edilib ki, ABŞ rəsmiləri hadisəylə bağlı çinli həmkarlarıyla təmasa keçərək bu siyasətin kiber müstəvidə təhlükəsizliyə ciddi təhdid olduğunu Pekini anlatmağa çalışıblar:

“Eyni açıqlama Avropa İttifaqından gəlib. Brüssel də mövcud durumdan ciddi şəkildə narahatdır. Məsələ burasındadır ki, Microsoft serverlərinə hücum dünya üzrə 60 min şirkətə zərər vurub. Bunların içərisində xeyli Avropa şirkəti də var. “Microsoft” şirkətinin özü ona hücum edən Çinin haker qrupunun adını hallandırıb: “Hafnium”.

Baş verən hadisə Böyük Britaniyanı da ciddi narahat edib. Bu ölkənin xarici işlər naziri Dominik Raab “Microsoft” şirkətinə hücumu ciddi təhdid adlandırıb: “Çin hakerlər vasitəsilə kiber hücumlar təşkil edir, bunun qarşısını almalıyıq. Ancaq Pekinə edilən xəbərdarlıqlara baxmayaraq, kiberhücumlar davam edir”.

Çinin kiber hücumları ilə bağlı qalmaqallar keçmiş illərdə də qeydə alınıb. Misal üçün, Çinin maliyyələşdirdiyi hakerlər 2011-2013-cü illər arasında ABŞ-ın boru xətlərinin işlənməsini həyata keçirən 13 operator şirkətin bilgisayarlarını sıradan çıxarmışdılar. Bu haqda ABŞ Federal Kəşfiyyat Xidməti geniş hesabat yayımlamışdı. Həmin kiber hücumlar nəticəsində şirkətlərin bilgisayarlarındakı proqramlar dağıdılmış, işçilərin sayı ilə bağlı məlumatlar və məktublar ələ keçirilmişdi.

Norveç də Çini ittiham edib. Norveçin xarici işlər naziri bildirib ki, bu ilin mart ayında ölkə parlamentinin internetinə kiberhücumların arxasında çinli hakerlər dayanıblar. O bu qənaətə kəşfiyyat məlumatları ilə tanış olduqdan sonra gəldiyini deyib. Oslo Pekinə bu siyasətdən əl çəkməsiylə bağlı xəbərdarlıq edib. Çinin Oslodakı səfiri Norveç Xarici İşlər Nazirliyinə dəvət edilib”.

Məqalədə Qərb ölkələrinin Çinə qarşı birləşməsinə diqqət çəkilib:

“Qərb ölkələrinin hamısı hesab edir ki, Çin haker hücumlarından əl çəkmir və bu internet məkanı üçün böyük təhlükə yaradır. ABŞ-la Avropa İttifaqı arasında Çinin artan iqtisadi fəaliyyəti ilə bağlı fərqli yanaşmalar olsa da, kiber hücumlar məsələsində Vaşinqtonla Brüsselin baxışları üst-üstə düşür və hər ikisi bu işin arxasında Pekinin dayandığına əmindirlər.

Pekin bütün ittihamları rədd edir, ancaq faktlar, dəlillər və araşdırmalar Çini göstərir, “Microsoft” şirkəti konkret haker şirkətinin ünvanını da yayımlayıb. Görünür, 2035-i üçün dünyanın supergücünə çevrilməyi qarşısına məqsəd qoyan Çin texologiyalar yarışında da birinci olmaq istəyir və bu yarışda bütün “alətlərdən” istifadə edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər