Avstriya Baş naziri Sebastyan Kurz Türkiyədə etirazlara səbəb olan skandal açıqlama ilə gündəmə gəlib.
Teleqraf.com xəbər verir ki, hökumət başçısı Avropa Birliyini ABŞ hərbi qüvvələrinin geri çəkilməsi ilə Əfqanıstandan başlayacaq yeni qaçqın dalğasına hazır olmağa çağırıb.
Kurz “Bild”ə verdiyi müsahibədə qaçqınların qalması üçün ən doğru ölkənin Türkiyə olduğunu deyərək, onları AB məkanından uzaq durmağa çağırıb:
“Əgər insanlar qaçmaq məcburiyyətində qalsalar, onların Avstriya, Almaniya və ya İsveçə gəlməklərindənsə, Türkiyə kimi qonşu ölkələrə getmələrini tövsiyə edirdəm. Eləcə də Əfqanıstanın təhlükəsiz bölgələrində də qala bilərlər”.
Avstriya baş naziri qaçqınları gəldikləri ölkələrə geri qaytarma ehtimalı olmadığı təqdirdə, onları Avropa Birliyinə üzv olmayan ölkələrə göndərmək imkanının yaradılmasının lazım olduğunu söyləyib.
“Vəziyyət oradakı insanlar üçün dramatikdir; bu qaçqın axınlarına səbəb olacaq”, - Kurz bildirib.