Dünyada ən çox insanın məskunlaşdığı şəhərlərdən olan Nyu-Yorkun əhalisinin 56 faizi COVID-19 virusuna qarşı hər iki doza vaksini vurdurub.
Teleqraf.com xəbər verir ki, bu barədə türk professor Mustafa Çətinər yerli mediaya danışıb.
ABŞ-dan qayıdan həkimin sözlərinə görə, vaksinasiya aparıldığı üçün şəhərdə həyat demək olar ki, əvvəlki axarına qayıdıb. Restoranlar tam açıqdır. Hər hansı məhdudiyyət, insanların toplaşma sayına limit qoyulmayıb. Açıq havada konsert proqramları təşkil edilir. Sosial məsafə saxlamaq kimi məcburiyyət yoxdur.
Restoran və mağazalar hər iki doza vaksini vurduran şəxslərə maskalarını çıxarmağa icazə verir. Peyvənd olunmayanlara isə maska taxmaları üçün xəbərdarlıq edilir.
Qeyd edək ki, pandemiya başlayan gündən bəri ABŞ-da 600 mindən artıq insan virusa yoluxaraq dünyasını dəyişib. Onların böyük bir qismi peyvənd olunmayan şəxslərdir.
Nyu-Yorkdan fərqli olaraq ABŞ-ın Missisipi və Alabama ştatlarında vəziyyət ürək açan deyil. Bu şəhərlərdə əhalinin yalnız 33 faizi hər iki doza vaksini vurdurub.
ABŞ Xəstəliklərin Kontrolu və Profilaktikası Mərkəzinin direktoru Roşelli Valenski bildirib ki, xəstəxanaya yerləşdirilənlərin 97 faizindən çoxu peyvənd olunmayanlardır və 4-cü dalğada peyvənd olunmayanlar virusa yoluxacaqlar.