İran vasitəsilə Türkiyəyə qanunsuz miqrant axının qarşısını almaq üçün sərhədlərdə tədbirlər gücləndirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bölgəyə göndərilən 35 qrupdan ibarət 750 xüsusi əməliyyat polisi patrul, nəzarət və pusqu yolu ilə Van-İran sərhədini nəzarətdə saxlayır.
Qonşu ölkə ilə 295 kilometrlik sərhədi olan Vanda qanunsuz girişlərin qarşısını almaq məqsədilə modul tipli divarlar, xəndək qazma və gözətçi məntəqələrinin sayının artırılması işləri davam edir.
Təhlükəsizlik qüvvələri 4 metr dərinliyində və 4 metr enində 110 kilometr uzunluğunda xəndəklərin qazıldığı sərhəd xəttindəki ərazini nəzarətdə saxlayır.
50 zirehli maşınla sərhəd xəttində davamlı olaraq keşik çəkən və keçid məntəqələrini nəzarət altında saxlayan xüsusi əməliyyat polisi, dron və termal kameralarla bölgəni yoxlayır və texnologiyanın bütün imkanlarından istifadə edir.