10 Avqust 2021 11:20
2 387
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya sülhməramlıları artıq Qarabağda sülh üçün deyil, erməni separatçılarını qorumaqla məşğuldur”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert bildirib ki, Rusiya Ermənistan və Azərbaycan arasında imzalanmış üçtərəfli razılaşmalara əsasən, moderator olaraq 10 noyabr bəyannaməsinin müddəalarının yerinə yetirlməsini təmin etməlidir:

“Öz öhdəliklərini “unudan” Rusiya demək olar ki, Qarabağdakı sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında militarist siyasət aparır. Qarabağda erməni qanunsuz silahlı birləşmələrilərinin fəaliyyətlərinə göz yuman Rusiya hərbçiləri bununla yanaşı, mövcud qayadalara zidd olaraq artilleriya vasitələrindən istifadə etməklə təlimlər keçirir.

Artıq dünəndən başlayaraq məlumat yayılır ki, Ermənistan intensiv şəkildə Qarabağa zirehli texnika və artilleriya vasitələri, canlı qüvvə göndərir. Buna adekvat olaraq, mühəndis istehkam işləri aparılır.

Hesab edirəm ki, Rusiya sülhməramlıları artıq Qarabağda sülh üçün deyil, erməni separatçılarını qorumaqla məşğuldur. Rusiya öz yerini möhkəmlətməkdən ötrü Qarabağın ermənilər yaşayan ərazilərində hərbi istehkam, qala formalaşdırır. Son gəlişmələrdən məlum olur ki, həm Rusiya, həm də Ermənistan 10 noyabr bəyannaməsinin 4 və 7-ci bəndlərini yerinə yetirməkdə maraqlı deyil. Qanunsuz silahlı birləşmələr qaldıqca, azərbaycanlıların Xankəndi, Ağdərə və digər yaşayış məntəqələrinə qayıtması mümkün olmayacaq”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiya və Ermənistan üçtərəfli anlaşmaları sabotaj edir:

“Görünən budur ki, Rusiya yeni münaqişə üçün odu körükləyir və erməniləri Azərbaycana qarşı yeni təxribatlara çəkir. Azərbaycanın Türkiyə ilə Şuşa Bəyannaməsi imzalaması Rusiyanı Qarabağda daha aqressiv siyasət aparmağa sövq edib. Demək olar ki, hər gün Laçın dəhlizindən Qarabağa qanunsuz olaraq silah-sursat və ağır texnikalar daşınır. Rusiya getdikcə təhdidə çevrilir. Rusiya Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiyasına mane olan əsas əngəl kimi görünür.

Hesab edirəm ki, Qarabağdakı qanunsuz silahsız birləşmələrin qalması Azərbaycan ordusuna yeni antiterror əməliyyatlarına başlamasına rəvac verə bilər. Bir sözlə, vəziyyəti mürəkkəbləşdirməyə çalışırlar. Rusiyanın öz öhdəliklərini yerinə yetirməməsi durumu bir qədər də tündləşdirir. Durum belə davam edəcəksə, Qarabağda ermənilərlə növbəti döyüşlərə hazır olmalıyıq.

Ermənistan isə bunun qarşısını alacaq sülh müqviləsini imzalamaqdan boyun qaçırır. Bu müqavilənin bağlanması isə, heç üfüqdə belə görünmür. Rusiya Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsini öz regional siyasətinə təhdid hesab edir.

Azərbaycan Qarabağa qanunsuz daşınmaların qarşısını almaq üçün Laçın dəhlizinə nəzarəti bərpa etməlidir. Qarabağa qanunsuz daşınmalar, yeni münaqişə deməkdir. Belə görünür ki, Rusiya hərbçiləri bunun qarşısını almaqda maraqlı deyil. Buna görə də Azərbaycan nə olur-olsun Laçın dəhlizinə nəzarət etməlidir. Azərbaycanın əsas strateji planı Laçın dəhlizinə nəzarəti bərpa etmək olmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər