Türkiyənin müstəqil və təsirli xarici siyasəti ABŞ-ın “Modern Diplomacy” adlı platformasında müzakirə edilib.
Teleqraf.com xəbər verir ki, politoloq Batko Milaçiçin yazdığı məqalədə Türkiyənin ciddi risklərə gedərək müstəqil oyunçu kimi önə çıxdığı bildirilib.
Müəllifə görə, Türkiyə geosiyasətdə özü üçün müstəqil pəncərə açmağı bacarıb:
“Yaxın Şərqdəki aramsız hadisələr, genişmiqyaslı “Ərəb baharı” inqilablarının yaratdığı təsirlər dövlətlərarası əlaqələri çətinləşdirdi. Türkiyə maraqlarının yalnız ABŞ-la müttəfiq olmaqla qənaətbəxş bir nöqtəyə çatmayacağını anlayaraq, öz maraqlarını birbaşa ön planda tutan xarici siyasətlə özü üçün yeni xarici siyasət səhifəsi açdı”.
Milaçiç bildirib ki, Rusiyadan müdafiə sistemləri alan Türkiyə bu addımı ilə NATO-ya da meydan oxudu:
“Bunun ən konkret nümunələri Rusiya ilə “Türk axını” layihəsinin həyata keçirilməsi və Vaşinqtonun çoxsaylı xəbərdarlıqlarına baxmayaraq Rusiyadan müasir “S-400” sistemlərinin alınmasıdır.
Proseslər davam etsə də, Avropa liderləri Türkiyənin Avropa Birliyinə üzv olmayacağını açıq şəkildə söyləyirlər. Vaşinqton Suriyadakı Kürdlərə (PKK) dəstək verməyə davam etdi və bununla da Türkiyənin milli maraqlarını gözardı etdi. Bu problemlərlə üzləşən və tərəfdaşlarını inandıra bilməyən Türkiyə öz siyasətini qurmağa qərar verdi”.
Ekspert qeyd edib ki, ölkə lideri Rəcəb Tayyib Ərdoğan bu gün sırf Türkiyənin maraqlarının nəzərə alındığı xarici siyasət yürüdür və ona qarşı cəbhə açan müttəfiqləri ilə hesablaşmır:
“ABŞ-ın xarici siyasətinə türk cəmiyyətinə hörmətsizlik tarixi zirvəsinə çatıb. İqtisadi vəziyyətindən asılı olmayaraq, Türkiyə tarixin bəzi dövrlərində olduğu kimi, “böyük patronun idarə edə biləcəyi kiçik millət” olmadığını göstərdi. Türkiyə bölgədə ciddi aktor olaraq qabağa çıxır”.
Milaçiç Türkiyənin Cənubi Qafqazda da öz mövqeyini gücləndirdiyini yazıb:
“Rusiya və Türkiyə arasındakı rəqabətə baxmayaraq, onlar bölgədə kimin əsas güc olduğunu və Vaşinqtonun öz müttəfiqlərini qoruya bilmədiyini göstərdilər. Türkiyənin ABŞ-a yaxın Baş nazir Nikol Paşinyanın başçılıq etdiyi Ermənistana qarşı Azərbaycan üzərindən öz gücünü göstərməsi, Rusiya müdafiəçi qismində ortaya çıxması Vaşinqtona vurulan bir başqa sillə idi”.