Quraqlıq səbəbiylə su qıtlığından əziyyət çəkən ölkələr arasında müharibə ehtimalının günbəgün artdığı müşahidə olunur. Problemlərin necə həll olunacağı isə məlum deyil. Hazırda dünyada 800 milyon insanın təhlükəsiz içməli su mənbələrinə çıxış imkanı yoxdur, 2.5 milyard insanın isə kifayət qədər təmizlənməmiş su mənbələri var.
Elm dünyasında anomal hava olaylarının təbii səbəblərdən qaynaqlandığına dair fikir birliyi olsa da, insan təsiri ilə baş verən kəskin iqlim dəyişikliyinin bu cür ekstremal hadisələri daha çox və daha şiddətli edə biləcəyinə dair kifayət qədər sübut var. İqlim dəyişikliyi ilə məşğul olan dünyanın aparıcı təşkilatlarından biri olan Hollandiya Meteorologiya İnstitutunun tədqiqatçısı Geert Yan van Oldenburq bildirib ki, qırılan rekordların sayı şokedicidir: “Belə olacağını gözləmirdik. Ən böyük problem də, bu intensivlikdə bir rekordun qırılacağını əvvəlcədən bilməməyimizdir”.
Oldenborq dünyanı öz cənginə alan təhlükənin həddən artıq sürətli olduğunu deyib.
Elm adamlarına görə, su narahatlığı yaşayan ölkələr qlobal iqlim dəyişikliyini peşəkar idarə etməsələr, su müharibələrinin şahidi olacaqlar. Artıq su qıtlığının bir çox ölkə arasında müharibəyə səbəb olacağı ehtimalı qorxunc həqiqətə çevrilir.
ABŞ-Meksika qarşıdurması
ABŞ və Meksika arasında Kolorado və Rio-Qrande çayları ətrafındakı çəkişmə diqqət çəkir. Təxminən 130 milyon əhalisi olan Meksikada vətəndaşların 40 faizi normal içməli sudan məhrumdur.
Meksika hökuməti Kolorado çayı ilə əlaqədar iki ölkə arasındakı rəsmi danışıqlarda ildə 4 milyard 439 milyon m3 su tələb edir. ABŞ isə tələb olunan həcmin yalnız 42 faizini təşkil edən - 1 milyard 864 milyon m3 su tədarük edə biləcəyini deyir.
Hind çayı
1947-ci ildə Pakistan və Hindistan müstəqillik qazandıqdan sonra yeni siyasi sərhədlər Pəncab düzənliyində suvarma kanalları və suları bölməklə əhəmiyyətli problemlər yaratdı.
Bundan ən böyük payı Hindistan aldı. Pakistan münaqişənin əvvəlində çaylardan su almaq üçün istifadə olunan mövcud suvarma sistemlərinin eyni şərtlər daxilində saxlanılmasında israr edirdi. Pakistan bu mövqeyindən əl çəkdi. Bundan əvvəl Ravi, Bis və Satlej çaylarından suvarılan sahələrin Pakistana ayrılan Çenum və Çenab çaylarından suvarılmasını qəbul etdi.
Amma resurs dəyişikliyini həyata keçirmək üçün sözügedən çaylar və suvarma sahələri arasında birləşdirici kanallar qurmalı idilər. Mütəxəssislər çayın suyundan istifadə ilə bağlı problemlərin siyasi hesablaşmadan uzaq, funksional plan çərçivəsində həll edilməli olduğunu vurğulayırlar.
Orta Asiyada su mübahisəsi
Orta Asiya su problemi, quraqlıq və su itkisinin sıx olduğu vacib bölgələrdən biri olaraq önə çıxır. Su siyasəti, beynəlxalq əlaqələr, yanlış əkinçilik və ekoloji praktikalar bölgədəki qıtlığın əsas səbəbləridir.
Amudərya və Sırdərya Orta Asiyanın su ehtiyaclarını ödəyən əsas mənbələrdir. Amma vaxtilə Aral gölünə axan bu iki çayın sularından normadan artıq istifadə, yanlış suvarma siyasəti göl sularının duzluluğunu üç dəfə artırıb. Amudərya və Sırdəryada suyun səviyyəsinin azalması bu çaylardan istifadə edən və iqtisadiyyatı əsasən kənd təsərrüfatına əsaslanan bölgə ölkələri üçün ciddi problemlər yaradır.
Bu ölkələr üçün həyati əhəmiyyətə malik olan su ehtiyatları indi kritik nöqtəyə çatıb.
Əhali artımı su çatışmazlığını gücləndirən ikinci məsələdir. Eyni zamanda, kənd təsərrüfatı, sənaye və ev təsərrüfatlarında istifadə olunan suya tələbat üç dəfə artıb. Bu artım suyun keyfiyyətinin pisləşməsinə səbəb olsa da, zibil, kənd təsərrüfatı və sənaye tullantıları, pestisidlər və gübrələr də su ehtiyatlarının çirklənməsinə səbəb olur.
Bu çərçivədə Qırğızıstan və Tacikistanın qonşuları üzərində siyasi və iqtisadi üstünlüklər əldə etmək üçün sudan kart kimi istifadə etdiyi görünür. Son illərdə hər iki ölkə üçün zaman-zaman suyu müvəqqəti olaraq kəsmək, bununla da bazarlıq mühiti yaratmaq - Özbəkistan və Qazaxıstandan ucuz qaz, neft və kənd təsərrüfatı məhsulları almaq hər iki ölkə üçün bir uğur sayılır. Öz mənbələri ilə torpaqlarının yalnız 6 faizini suvarmaq imkanı olan Qazaxıstan Qırğızıstan və Tacikistandan gələn sudan ən çox asılı olan ölkələrdən biridir.
Yaxın Şərqin su problemi
Yaxın Şərqdə su kifayət deyil və mövcud su hövzələrinin paylanması qeyri-bərabərdir. Hesablamalara görə, bu ölkələrdə su ehtiyatları qarşıdakı 30 ildə içməli su tələbatını ödəməyən qədər aşağı düşəcək. Ən çox su çatışmazlığı yaşayan ölkələr İsrail, Fələstin və İordaniyadır. Yaxın Şərqin digər 10 ölkəsi də su qıtlığı yaşayır.
İordan çayı hövzəsi Yaxın Şərqdəki su probleminin mərkəzindədir. Bu hövzəni paylaşan İordaniya, İsrail, Fələstin, Livan və Suriya bölgədəki su probleminin əsas oyunçularıdır.
Nil çayı
Misir üçün həyati əhəmiyyət daşıyan Nil çayından fərqli ölkələr də faydalanır. Bununla belə, Misir əhalisinin demək olar ki, hamısı ölkə ərazilərinin 3 faizini təşkil edən Nil vadisi və deltasında yaşayır. Ölkənin qalan 97 faizi səhradır, demək olar ki, yaşayış yeri yoxdur. Efiopiya Nil sularının 80% -ni təmin edən Mavi Nil və Atbara çaylarını, Uqanda və Sudan isə 15%-ni təmin edən Ağ Nili idarə edir.
1959-cu ildə Misir və Sudan arasında razılaşdırılmış paylaşma metodu (Misirə ildə 55 milyard m3, Sudana 18.5 milyard m3) qüvvədə qalır. Amma uzun illər davam edən siyasi qarışıqlıq və maliyyə çətinlikləri səbəbindən Sudan kənd təsərrüfatı potensialından tam istifadə edə bilmir və hətta əhalisini təmiz içməli su ilə təmin etməkdə çətinlik çəkir.
Su ilə zəngin olan Sudanın su qıtlığından əziyyət çəkməsi və əkinçilik ərazilərindən tam istifadə edə bilməməsinin səbəbi, daha aşağı sahil ölkəsi olan Misirin çayın suyunun 99 faizini suvarmada istifadə etməsi ilə bağlıdır. Misir özünü Nilin sahibi kimi aparır. Efiopiya da bu problemlərdən kənarda deyil. Bu ölkə də onilliklər boyu davam edən üsyan, vətəndaş müharibəsi və aclıq kimi fəlakətlər nəticəsində dağılmaq və yox olmağın astanasına çatmışdı.