12 Avqust 2021 09:14
1 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

“O, toxum kimi doğuldu, həmişə toxum olaraq qalır. Onu əhatə edən qaranlığın mənası budur. İçində işıq vardı, möhtəşəm bir işıq, ölümündən sonra öz işığını saçmalıydı. Məzarın o biri tərəfindən, yad bir yerdən gəldi, özüylə yeni ruh və şüur gətirdi. Bədəni xəyaldakı məmnunluq və ətrafa saçan mərhəmətdir, fərqli bir vəhşi ilə birləşib”, - Henri Miller onun haqda yazır.

Artur Rembo

Şeirin taleyini dəyişdirən Artur Rembo zabit atası tərəfindən tərk edilmiş anası və qardaşları ilə birlikdə böyüyür. Anası varlı ailənin qızıdır. O, üç bacısından ən çox sevdiyi İzabelladır. Təhsilini tamamlamaq əvəzinə, səyahət etməyi üstün tutan şair on altı yaşında evdən qaçır. Anasına qarşı duyduğu qəzəb, bacısına qarşı hiss etdiyi böyük sevgiylə ömrünü öz həqiqətlərini axtarmaqla keçirir.

Rembo uşaqlıqdan musiqi və riyaziyyatla maraqlanırdı. Hər kəs bu iki peşədən birinə üstünlük verəcəyini düşünsə də, həmişə olduğu kimi, hamını təəccübləndirir və söz dünyasını fəth etməyi seçir. Yəni ədəbiyyatı…

Amma dolanışığını şeir yazmaqla yox, müxtəlif sahələrdə işləyərək qazanır. İyirmi üç yaşında dünyanı gəzən, həyatın bütün sınaqlarından keçən şair həbsxanada yatır, ac qalır, ən aşağı şərtlər daxilində işləyir, vəhşi meşələrin dəhşətlərinə sığınır, məşhur şair Pol Verlenlə eşq yaşayır, Somali zəncilərinin dillərini öyrənir.

Duyğular burulğanında

Rembonun xarakterində ən diqqətçəkən xüsusiyyəti etiraz adamı olmasıydı. Təhlükənin qoynunda yatan bu üsyankar şair gah inqilaba qatılır və özünü siyasət meydanına atır, gah yeni sevgilər arxasınca qaçır, gah dünyanı gəzir, gah da zəngin olmaq xəyalları qurur. Bu ehtiras onu erkən yaşlarında əbədiyyətə qovuşdurur.

Artur Rembo amansız insandır. Asanlıqla əsəbiləşən və o an olduqca aqressiv olan Rembo bu xarakteri ilə sevgilisi Verlenin də həyatını cəhənnəmə çevirir.

Sveyq onun haqqında yazırdı: “Yalnız öz həyatı, bütün mədəniyyətlərə qarşı radikal nifrəti, bütün avropalılığı aşaraq o tərəfə keçməsi, əxlaq düzəngahının mərkəzində sırf instinktiv həyat yaşaması, əngəl görməyən fərdiyyətçiliyi Artur Rembonu kifayət qədər maraqlı edə bilər. Bizim dövrümüz üçün Rembo fərdi azadlıq qəhrəmanıdır, instinktlər kainatında macəraçıdır”.

Başlanğıc nöqtəsi

Ədəbi tənqidçilərin “Şeirin Janna Darkı” adlandırdıqları Artur Rembo modern poeziyanın başlanğıc nöqtəsi hesab olunur. Dövründə Paris küçələrindəki inqilaba səs verdiyi kimi, poeziyada böyük bir dəyişikliyin əsasını qoymuşdu. O, çiyinlərini belə bir ağır yükün altına verəndə cəmi on altı yaşındaydı.

Rembonun on altı yaşında çıxdığı bu yol onun taleyini əvvəlcədən müəyyən etmişdi. Hələ iyirmi yaşında ikən İngiltərə, Almaniya, Belçika, İtaliya, Hollandiya, İsveç, Norveç, Kipr, Misir və Efiopiyanı gəzmişdi. Getdiyi yerlərdə tərcüməçilik və ticarətlə məşğul olan Rembo bir o qədər də səfil bir həyat yaşamışdı. Nə olur-olsun pul qazanmağı qarşısına məqsəd qoymuş şair bunun üçün silah və kölə ticarəti ilə də məşğul olmuşdu.

Bacarıqlı şagird idi, həmin illərdə qatıldığı şeir müsabiqəsində birinci yeri qazanmışdı və mükəmməl səviyyədə latın dilini bilirdi. Susqun xarakterə sahib olanh Rembo bu səbəbdən özünə dost tapmaqda çətinlik çəkmişdi. Elə bu gün də bu dünyadan hesab olunmur. Yəni özünə dost tapa bilməməsi normal idi. Bu yerlərdən getməyi qarşısına məqsəd qoymuş Rembo şeir müsabiqəsində qazandığı gümüş saatı sataraq, Paris qatarına mindi. Səfil həyatının sonunadək getdi...

Rembo yenidən Parisə qayıdanda Fransanın paytaxtında ara qarışmışdı. Bu dəfə geri dönüşü bir qədər uzun çəkdi. Yollarda insanlara hekayə və lətifələr danışaraq onları əyləndirməklə, karikaturalarını çəkib satmaqla pul qazandı. Nəhayət, özünü kommunanın kazarmasında tapdı. O qədər həvəslənmişdi ki, hətta yeni konstitusiya layihəsi hazırladı. Amma kommuna iki ay sonra küncə sıxışdırıldı. Ümidsiz halda evə qayıtdı.

Ədəbiyyat tarixinə “Kahinin məktubları” adıyla daxil olan, 17 yaşında ədəbiyyat müəllimi Jorj İzambarda göndərdiyi məktublarında məşhur “Mən başqasıyam” ifadəsini yazdı.

Şair dostu Pol Demeniyə yazdığı məktubda, “Əsl şair odu oğurlamağı biləndir”, deyərək dövrünün bütün şairlərinin üstündən xətt çəkmişdi.

Kəsişmə nöqtəsi

Artur Rembo homoseksual idi. Özündən on yaş böyük və evli şair Pol Verlenlə eşq yaşamışdı...

Verlen 1871-ci ildə Rembodan bir məktub alır. O, məktubunda şair olmaq istədiyini, kiçik bir şəhərdə yaşadığını və ailəsinin maddi vəziyyətinin yaxşı olmadığını yazır. Şairin qəlbindəki mərhəməti oyatmağı bacaran Rembo yazdığı bir neçə şeirlə Verlenin həyatına girməyi bacarır. Verlen və həyat yoldaşı Matilda bu yoxsul, istedadlı şairə kömək etmək və onu öz yanlarına çağırmaq qərarına gəlir. Rembonun gəlişi ilə iki şairin qarışıq əlaqəsi başlayır. Verlen 1872-ci ildə həyat yoldaşından ayrılıb, Rembo ilə birlikdə yaşayır. İkisi arasındakı münasibət həm olduqca isti, həm də olduqca kövrək görünürdü.

Əxlaqi qaydalar və ictimai təzyiqlər onu maraqlandırmamışdı. Ona birlikdə dünyanı gəzməyi təklif etmişdi. Verlen bunu əvvəlcə qəbul etsə də, bu bədbəxtliyə dözə bilməmişdi...

Şeir və Verlen onu Parisdən asılı vəziyyətə salmışdı. Teodor de Banvill və Viktor Hüqo ilə bu sehrli şəhərin sənət mühitində tanış oldu. Bu iki dahi onu “Kiçik Şekspir” adlandırmışdı. Eqoist bir xarakterə malik olan Rembo Fransanın ən önəmli şairlərinin qatıldığı bir məclisdə, “Yazdıqlarınız nəcisə də oxşamır, balaca və axmaq bir qızın ağlamasına bənzəyir”, deyərək kütləni ayağa qaldırmışdı.

İlk şeir kitabı “Cəhənnəmdə bir fəsil” nəşr olunanda 19 yaşındaydı. Yəni Verlenlə ehtiraslı sevgisinin ortasında... Bu qeyri-adi münasibətə görə Paris onları qəbul etmədi. Əvvəl Almaniyaya, sonra Brüsselə qaçmışdılar.

Verlenin həyat yoldaşı evliliyini xilas etmək üçün onları Brüsseldə tapdı. Rembo Verlendən ayrıldı. Aşiq olan Verlen günlərlə şəhərdə Rembonu axtardı. Nəhayət, onu bir otel otağında tapır. Şiddətli qısqanclıq mübahisəsindən sonra Verlen “Lefoş revolver” tapançası ilə Rembonu qolundan vurur. Yaralanan şair aylarla yataqdan qalxa bilmir. Verlen isə iki il həbs cəzasına məhkum edilir. Sərbəst buraxıldıqdan sonra işləmək üçün İngiltərəyə gedir. 1887-ci ildə Parisə qayıtdıqdan sonra içkiyə qurşanır, davalara qarışır. Bütün pullarını fahişələrə xərcləyir. 1896-cı ildə bütün şöhrətinə baxmayaraq yoxsulluq içində ölür.

Bundan sonrakı həyatında Avropanı gəzən Rembonun aclıqdan ölümcül hala düşdüyü günlər də oldu, zənginlərin süfrələrində bahalı şərablar içib əyləndiyi anlar da...

Paris Kommunası

Artur Rembonun Paris Kommunasının önəmli simalarından olan Jüli Andriyuya yazdığı məktub yaxın illərdə üzə çıxdı. Məktub üzərində işləməyi planlaşdırdığı kitabın əsas yönünə aid bir sıra suallar verən Rembonun görüş istəyi ilə sona çatır.

Artur Rembonun inqilab barrikadalarında mübarizə apardığına dair konkret dəlil olmasa da, kommunanın qızğın tərəfdarı olduğu məlumdur. Burjuaziyaya qarşı nifrətini, həyata qarşı məğlubiyyətçi münasibətini şeirlərində yazan Rembo üsyankar şəhər və xalqını da öz sətirlərində unutmayıb. Məsələn, “Paris savaşının nəğməsi”, “Qanlı həftə” qırğınlarından sonra qələmə aldığı “Paris orgiyası”, kommunanın qadınları üçün yazdığı “Janna Marinin əlləri” və digərlərində.

Rembonun 1870-71-ci illərdə, yəni cəmi 17 yaşında ikən böyük bir kommunist konstitusiya layihəsi yazdığı məlumdur. Amma bu mətn itib. Əldə yalnız dostu Ernest Delahayenin ifadələri qalıb. Onun sözlərinə görə, Rembonun təsəvvüründə bir növ Aqora, demokratiya var, seçkilərə əsaslanan təmsilçilik sisteminin ləğvini nəzərdə tutan referendumlar müzakirə mövzusudur. Pula etiraz edən Rembo yaşamaq üçün lazım olan qədər işləməyin tərəfdarı idi. Rembonun hakimiyyətə, siyasi liderlər və burjua cəmiyyətinə olan nifrəti, şübhəsiz ki, öz hislərindən qaynaqlanırdı, amma bununla belə Helvetis, Russo, Babef, Lui Blan və Prudon da oxuduqları arasında idi.

O dövrün bəzi mənbələri öz şeirlərində inqilabi dəyişikliyi mədh edən Rembonun 1871-ci ilin mart-may, yəni kommuna aylarında Parisin qapılarından belə keçmədiyini iddia edirlər. Bacısı İzabella Rembonun ona Paris səfəri haqda heç vaxt danışmadığı və müəllimi Jorj İzambarın bu tarixdə Rembodan Şarlevil ünvanından məktub aldığına dair qeydlər var. Amma bunun əksini iddia edən çoxsaylı ifadələrə əlavə olaraq, kommuna dövründə azad birliklərə qoşulduğu və ya heç olmasa kommunanın kazarmalarından birində qaldığı barədə polis qeydləri də mövcuddur.

Məğlublar

Jüli Andriyu ilə görüşmək üçün Londonda olduğu günlərdə Rembonun mühacirətdəki kommunalar haqda tənqidləri Verlenlə aralarında şiddətli mübahisəyə səbəb olur. Nəticədə Rembodan xəbərsiz Fransaya qayıdır və onun üçün pul saxlamır.

Dostu Ernest Delahayenin dediyinə görə, Rembo Andriyuya qarşı böyük yaxınlıq hiss edir və onu bir növ “ruh qardaşı” olaraq görürdü. Hər cür məlumatlara olan aclıqları və xarici dillərə olan maraqları ortaq nöqtələri idi. Rembo Andriyunun xalq şeiri, təhsil, əxlaqla bağlı əsərlərinə heyran qalır.

Məktubun göndərildiyi 1874-cü il aprelin 16-da Rembo bu dəfə başqa bir şair dostu Jermen Nuvo ilə birlikdə Londona gəlir və bir neçə həftə burada qalır. Pol Verlen isə onu yaraladığı üçün artıq həbs edilmişdi.

Mürəkkəb dil və qarışıq üslubda yazılmış məktub bu səbəbdən üzr istəməklə başlayır. Burada Andriyudan “Möhtəşəm Tarix” və ya “Şanlı Tarix” adlanacaq kitabının planını hazırlamaq üçün İngiltərənin nəşriyyat dünyası, tərcümeyi-halı, kitab, bəzi maraqlı və qaranlıq tarixi olaylar haqda məlumatlar tələb edir. Rembo bir tərəfdən pul qazanmaq istədiyini, təəccübə səbəb olacaq reklamın hazırlanacağını, dərhal ingilis dilinə tərcümə üçün qeydiyyata alınmalı olduğunu, əsərin ardıcıl olaraq nəşr ediləcəyini bildirir. Digər tərəfdən, məktubda bu əsərin çox fərqli üslub və qeyri-adi bir tarix anlayışı ortaya qoyacağını vurğulayan çoxlu ifadələri var. Araşdırmaçılara görə, əslində bu, tarixi cəsarətlə irəli atılan kommunanın qırğınla nəticələnən məğlubiyyəti haqqındadır.

Frederik Tomas qeyd edir ki, bu məktubun özü və içindəki qaralama Andriyu və Lissaqarayın kommuna tarixləri ilə yanaşı, Vallesin “Üsyankar”ı, Verlenin “Məğlublar”ı (Remboya həsr olunmuş) ilə yanaşı, məğlubiyyətin mənasını və gələcəyini sorğulayan əks-tarixin fraqmentidir. Jüli Andriyunun Rembo ilə görüş təyin edib-etmədiyi bilinməsə də, bunun baş tutması ehtimalının çətin olduğu deyilir.

“Kiçik Şeytan”

Verlenlə ayrıldıqdan sonra Marseldə hamballıq, alverçilik etdi, qəzet satdı. Hollandiya ordusunda muzdlu əsgər kimi xidmətə başladı, pulu götürüb qaçdı. İrlandiya, Liverpul və Parisi dolaşdı.

1875-ci ildə Verlenin təkidi ilə sonuncu dəfə görüşdülər. Amma Verlendə iki illik həbsin, Remboda isə yolların yorğunluğu vardı, hər ikisi tükənmişdi. Söhbətləri uzun çəkmədi. Rembo köhnə günlərə qayıtmaqdan imtina etdi, onu təhqir edib qovdu. Amma bu hadisədən sonra şeir yazmağı da dayandırdı.

Şeirdən uzaqlaşaraq nəsrə üz tutdu. Burada da özünü yaxşı tərəfdən göstərdi. “İlluminasiyalar” ən yaxşı nümunələrindən biridir. Hüqo, Lotreamon və Sad kimi müəlliflərin səsini boğdu. Elə bu səbəbdən ona “Kiçik Şeytan” deyənlər də oldu.

Üsyankar ruha sahib olan Rembo bir gün adının tarixə yazılacağını bilmir, yazdıqlarına, sənətə etinasız yanaşırdı. Uşaq yaşlarında məşhurlaşması isə taleyin oyunu olmalıydı. Sanki şöhrətin özü ona çatmaq istəyirdi. Bəlkə də heç bir şair onun qədər belə asanlıqla və özü də bilmədən şöhrətin yüksək zirvəsinə qalxmayıb. “Kiçik Şekspir”in poeziya dünyasında ələ keçirmədiyi yer qalmır. Xüsusilə “Sərxoş gəmi” kimi fransız poeziyasının ən yaxşı nümunələrini yaradır.

Yazdıqlarına o qədər qeyri-ciddi yanaşmışdı ki, dostlarının yazdığı şeirlər toplanmasaydı, Brüsseldə könüllü olaraq nəşr etdirdiyi “Cəhənnəmdə bir fəsil” kitabından başqa Rembodan heç nə qalmayacaqdı.

Stefan Sveyqin onun şeirləri haqda:

“Rembonun şeirləri qəddardır, zəiflər üçün zərərlidir. Bu şeirlərin bəzilərindən yoxsulluq, çirkli paltar, tərli ayaqqabı və tualet qoxusu gəlir. Bu şeirlər ən real realizm və ağlasığmaz təxəyyülün dahiyanə yumağıdır. O bənzərsizdir. Rembo sanki dünyanın ilk şairidir, sələfləri isə kartdan hazırlanmış binadır, o, yazdıqca bu bina dağılır”.

Pablo Pikasso, Allen Ginsberq, Vladimir Nabokov, Bob Dilan və Cim Morrison kimi dahilərə ilham verdi. Xüsusilə, Morrisona təsiri danılmaz idi. İllər sonra başqa bir dahi - Cim Yarmuş Rembonun dünyaca məşhur şeiri “Sərxoş gəmi”nin ilk iki sətri ilə “Nəzarət sərhədləri” filminə başlayacaqdı. Rembo bu şeiri 17 yaşında yazmışdı və ömründə dəniz görməmişdi.

Həyatının son aylarında bir müddət rahat həyat sürən Rembonun bir gün sağ dizində şiş əmələ gəlməyə başlayır. Fransaya qayıdır və bir müddət ona bacısı qulluq edir. Şiş pisləşdiyi üçün ayağı kəsilir. Bir neçə gün sonra isə həyatla vidalaşır. Onda 1891-ci il idi, otuz yeddi yaşı vardı…


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər