Əfqanıstanda hökumətlə silahlı mübarizə aparan Taliban qüvvələri dünən paytaxt Kabilə daxil olub.
Teleqraf.com xatırladır ki, Prezident Əşrəf Qani ölkəni tərk etdikdən sonra Talibana bağlı qüvvələr Kabildə prezident sarayını ələ keçirib.
Əfqanıstan dramının ən dəhşətli səhnəsi odur ki, Talibanın Doha təmsilçiliyi və Qəndaharda oturan liderləri ard-arda “Mülki insanların evinə və özlərinə toxunulmayacaq” bəyanatına baxmayaraq yüz minlərlə əfqan ölkəni tərk etmək üçün imkanlar axtarışındadır.
Hazırda Əfqanıstanda bir sıra xarici ölkələrin vətəndaşları və diplomatik korpusunun təxliyəsi davam edir. Əsas təxliyə əməliyyatı Kabil hava limanında həyata keçirilir. Hava limanında bütün ticarət uçuşları dayandırılıb. Hərbi təyyarələrlə həyata keçirilən təxliyə prosesində isə insanlar təyyarələrin qanad və üzərinə çıxaraq ölkəni tərk etmək istəyir. Hava limanında əsl qaçqın izdihamı yaşanır. Təhlükəsizlik qüvvələri insanların hava limanına daxil olmasını əngəlləmək üçün havaya atəş açırlar. Hazırda Kabil hava limanı və ətrafında 10 minlərlə insan ölkəni tərk etmək üçün toplaşıb.