“Kreml birbaşa Əfqanıstana girməkdən çəkinsə də, istər-istəməz Taliban oyununun içinə düşəcək”.
Teleqraf.com xəbər verir ki, bunu ReAl partiyası sədrinin müavini Natiq Cəfərli deyib.
Partiya rəsmisi Əfqanıstanda baş verənlərə diqqət çəkib:
“ABŞ Əfqanıstandan çıxanda Talibanın oranı zəbt edəcəyini bilirdi. 18 xüsusi xidmət orqanı, yüzlərlə “beyin mərkəzləri” var, dəqiq bilirdilər ki, ABŞ çıxan kimi ölkə Talibana keçəcək.
Bəs bunu bilirdilərsə, nədən çıxdılar? Səbəblər çoxdur. Birincisi, Taliban bütün Əfqanıstan sərhədləri boyu təhlükə və gərginlik mənbəyi yaradacaq. İkincisi, Orta Asiya respublikaları hədəfdə olacaq, deməli, Rusiya daha da yüklənəcək, bir neçə min km sərhədi qorumaq üçün hər il milyardlar xərcləməyə məcbur qalacaq. Üçüncüsü, İranda son seçkilərdə daha konservativ qüvvələr hakimiyyətə gəldi. Əfqanıstanda Taliblər İrana, bəlkə də, ABŞ-dan daha çox nifrət edirlər. Deməli, İrana da təsir və təzyiqləri güclü olacaq. İran-Əfqanıstan sərhədi daim gərginlikdə qalacaq, hətta döyüşlər də istisna edilmir. Deməli, Talibanın silahı İrana qarşı da işləyəcək. Dördüncüsü, Əfqanıstanda orta əsr təfəkkürlü bir hakimiyyət bütün əməllərini “İslam dini” adı altında edəcək. Halbuki dinimizin fəlsəfəsinə zidd bir rejim qurulur. Amma dünyaya, “görürsüz, İslam dini budur”, mesajı hər gün daha çox veriləcək”.
"ABŞ son 20 ildə özünə Əfqanıstanda dayaqlar yarada bildimi" məsələsinə gəlincə, Natiq Cəfərli qeyd edib ki, dəyərlər və düşüncə tərzi səviyyəsində heç nə edə bilmədilər, hələ də qəbilə qaydaları və maddi maraq üzərində qurulan klanlar ölkəsində bunu etmək cəhdi belə mənasız idi:
"Amma, çox güman ki, bu gün “Taliban” adlanan hərakatın idarəetmə kadrları arasında ən azı 50-60%-i elə ABŞ-a işləyənlər ola bilər.
Çinə gəldikdə, o, bölgədə öz oynunu qurur, orta əsrlərdə Britaniya imperiyanın koloniyalarında etdiyi taktikanı edir: Britaniya çox vaxt liman qururdu, ticarət əlaqələri yaradırdı, amma dini məsələrə qarışmırdı. Fransa, İspaniya, Portuqaliya isə koloniyalarında dini missionerlik, zorla “mədəniləşdirmə” adı altında genosid edirdilər. İndi Çin də Asiyada, Afrikada eyni taktikanı həyata keçirir: ticarətini qurur. İndi də Talibanı tanıyan ilk onlar oldu, ticarətini quracaq, ABŞ maraqlarına qarşı Talibanı istifadə etməyə çalışacaq”.
Rusiyanın atacağı addımları şərh edən Natiq Cəfərlinin fikrincə, ABŞ istəyərdi ki, Moskva 1979-cu ildə olduğu kimi Əfqanıstana girsin, buna çalışacaq:
“Kreml birbaşa girməkdən çəkinsə də, istər-istəməz Taliban oyununun içinə düşəcək.
Baş verənlərin Azərbaycana təsirlərinə gəldikdə, birbaşa olmasa da, dolayı yolla ən azı iki təsiri ola bilər. Birincisi, əgər Taliban İrana hücum etsə, qonşu ölkədə müharibə təhlükəsi, daxili gərginlik olsa, yüz minlərlə İran vətəndaşı Azərbaycana köç etməyə çalışacaq, böyük qaçqın dalğası ola bilər. İkincisi, Əfqanıstandan Türkiyəyə böyük köç olacaq, bu isə qardaş ölkədə ciddi qarışıqlıq sala, daxili gərginliyi ciddi artıra bilər ki, bu da həm bölgəmizə, həm də ölkəmizə ciddi mənfi təsirlər yarada bilər.
Əfqanıstan bataqlıqdır, düşən batır, itirir, məhv olur. Amma məni narahat edən son 20 ildə Qərbin təsiri ilə işıqlı gələcəyə inanan yüz minlərlə insanın, əsas da, oxumaq, çalışmaq istəyən xanımların taleyidir, indi əsas hədəf onlar olacaq”.