Qazaxıstan Xarici İşlər Nazirliyi Əfqanıstan Prezidenti Əşrəf Qaninin bu ölkəyə qaçması ilə bağlı iddiaya cavab verib.
Teleqraf.com xəbər verir ki, nazirliyin rəsmi nümayəndəsi Aybək Smadiyarov Əfqanıstan prezidentinin ölkə ərazisində olmadığını deyib.
Bundan əvvəl Tacikistan Xarici İşlər Nazirliyi də Əşrəf Qaninin onların ərazisində olması barədə xəbərləri təkzib edib. Nazirlik Əfqanıstan prezidentinin olduğu təyyarənin respublikanın hava sahəsinə daxil olmadığını və bununla bağlı rəsmi Düşənbəyə müvafiq sorğunun göndərilmədiyini bildirib.
Əfqanıstanın Daşkənddəki səfirliyi də Qəninin Özbəkistan ərazisində olması ilə bağlı heç bir məlumat olmadığını açıqlayıb.
Dünən Taliban bütün Əfqanıstana nəzarəti ələ keçirdiyini elan edib. Hakimiyyət keçid şurasına təhvil verilib, bundan sonra iqtidar taliblərə keçib. Şuraya Ali Şuranın rəhbəri Abdulla Abdulla və keçmiş prezident Həmid Kərzayi daxildir. Qani isə ölkəni tərk edib.