Sloveniyanın Prezidenti Borut Pahor “Taliban” hərəkatının Əfqanıstanda nəzarəti ələ almasından sonra bu ölkədə müxtəlif beynəlxalq missiyalar çərçivəsində fəaliyyət göstərmiş Sloveniya hərbi kontingenti ilə əməkdaşlıq etmiş şəxslərlə bağlı narahatlıq ifadə edib.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı ölkənin müvafiq qurumlarını və beynəlxalq tərəfdaşları sloven hərbçilərinin Əfqanıstandakı fəaliyyətinin təşkilində iştirak etmiş və şəxsi həyatı təhlükə altında ola bilən şəxslərə yardım etməyə çağırıb. Sloveniyanın Xarici İşlər Nazirliyi isə Əfqanıstandakı sloven vətəndaşlarının təhlükəsiz şəkildə ölkəni tərk edə bilməsi üçün “Taliban”a müraciət edən ölkələrə qoşulub.
Qeyd edilməlidir ki, 2003-cü ildən bu ilin may ayına kimi ümumilikdə 1400-dən artıq sloven hərbçisi Əfqanıstanda ISAF və digər missiyalar çərçivəsində xidmət göstəriblər. Onların əsas işi əfqanıstanlı həmkarları üçün təlimlər keçmək olub. Əfqanıstanda yerləşən son altı Sloveniya hərbçisi bu ilin may ayının sonunda öz ölkəsinə geri dönüb.