17 Avqust 2021 12:41
4 408
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Jirinovski murdardır, prinsipsiz və xaraktersizdir, amma rus xalqı da əsla donuz deyil”.

Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Fərhad Mehdiyev deyib.

Onun sözlərinə görə, Rusiya regionda nə bizi, nə də Ermənistanı düşünür - onun burada öz maraqları var:

“Rusiyanın maraqları tələb edirdi ki, bizim Xankəndinə girməyimizin qarşısını alsın. Bununla belə Rusiya ilə əməkdaşlıq şəraitində yaşamağa məhkumuq. Təbii ki, Rusiyanın hər dediyini edəsi deyilik, heç etmədik də. Azərbaycan regional oyunçuların gücünü nəzərə alaraq öz xarici siyasətini qurur və sırf təhlükəsizlik baxımından bu siyasəti heç də pis qurmur. Son müharibə bunun bariz nümunəsi idi.

İndi Rusiya bizdən istəyir ki, Avrasiya İqtisadi Birliyi və KTMT-yə daxil olaq. Təbii ki, Qarabağ münaqişəsinin indiki vəziyyətində bu ittifaqlara qoşulmaq mümkün deyil. Rusiya yaxşı bazardır, amma pomidorlarımızı Avropaya çıxara bilsəydik, ondan da yaxşı olardı”.

Fərhad Mehdiyev qeyd edib ki, hər bir halda Rusiya ilə qarşılıqlı mənfəətə əsaslanan münasibətlər qurmağa məcburuq:

“Jirinovski murdardır, prinsipsiz və xaraktersizdir, amma rus xalqı da əsla donuz deyil. Hətta bizi vaxtilə işğal etsələr də, ruslar bizi bir az modernləşdiriblər, məsələn, hər halda teatrlar ölkəmizdə onların təsiri ilə qurulmuşdu. Habelə ruslar elm və araşdırmaya bizdən daha meyillidir, bu, danılmaz faktdır. Ümumiyyətlə, hansısa xalq barəsində aşağılayıcı sözlər işlətmək doğru deyil. İnsanları fərqli edən onların etnik mənsubiyyəti deyil, onların savadı və dünyagörüşüdür.

Rusiya ilə açıq konfliktə girməyin tərəfdarı olanlar ölkəmizin əleyhinə mövqe tuturlar, bəlkə də bunu bilməyərək edirlər. Türkiyə kimi ölkə təyyarə böhranına nə qədər tab gətirə bildi? Belə şeyləri hesaba qatmalıyıq.

Hədəfimiz insanlığın müasir dəyərləri olmalıdır və Rusiya da heç də bunların çoxunu paylaşmır. Bununla belə o, əsas qonşularımızdan biridir və onunla hesablaşmalı olmağımız da zərurətdir. Amma bu demək deyil ki, öz sözümüzü demirik, milli maraqlarımızdan imtina edirik. Sözü deməyin, tələbi ortaya qoymağın yolları fərqli olur, bu məsələdə də lazım olan hər şey olunur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər