Rusiyada qadağan edilmiş radikal “Taliban” hərəkatının tərəfdarları bütün Əfqanıstana nəzarət etmirlər.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın Xarici işlər naziri Sergey Lavrov bildirib.
“Birincisi, taliblər hələlik Əfqanıstanın bütün ərazisinə nəzarət etmirlər. Əfqanıstanın vitse-prezidenti cənab Saleh və Əhməd Məsudun müqavimət qüvvələrinin cəmləşdiyi Pəncşir dərəsində vəziyyətlə bağlı məlumatlar daxil olur”, - Lavrov qeyd edib.
O vurğulayıb ki, Pəncşirdə prezident tərəfdarı qoşunlarının cəmləşməsi fonunda Rusiya respublikada ümummilli dialoqun tərəfdarıdır.
“Taliban” son üç ayda Əfqanıstanın böyük bir hissəsini ələ keçirib və avqustun 15-də Kabilə daxil olub. Radikallar prezident sarayını tutub və respublikada müharibənin bitdiyini elan ediblər.
Pəncşir hazırda yaraqlıların təsirindən azad olan yeganə əyalətdir. Əşrəf Qaninin istefasından sonra özünü dövlət başçısı elan edən ölkənin vitse-prezidenti Əmrulla Saleh də daxil olmaqla keçmiş hökumət tərəfdarları bura axın edir.
Daha əvvəl KİV-də Əfqanıstanın milli qəhrəmanının oğlu və tacik əsilli məşhur hərbi xadim Əhməd Şah Məsudun Pəncşirdə “Taliban” əleyhinə ordu topladığı barədə məlumatlar yayılmışdı.
Verilən məlumata görə, əyalətə marşal Əbdül-Rəşid Dostum da daxil olmaqla on min döyüşçü gedib.