Türkiyədə COVID-19-a yoluxanların 90 faizdən çoxunu delta ştammı təşkil edir. Delta plyus ştammına yoluxanlar da artır.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca pandemiya ilə mübarizədə ölkədəki vəziyyət haqqında danışarkən deyib.
Fəxrəddin Qoca bildirib ki, yoluxma halları artdığı üçün qorunma tədbirləri gücləndirilməlidir: "Əvvəllər 1,5 metr sosial məsafə saxlayırdıqsa, indi 2 metr olmalıdır. Son zamanlarda 2 doza peyvənd olunmasına baxmayaraq yoluxma sayı artıb. 2 doza peyvənd olunmuş 1,5 milyona yaxın tibb işçimiz var. İki dozadan sonra heç kim həyatını itirməyib".
Nazir bildirib ki, gələn həftədən 4-cü doza vaksinasiya başlayacaq: "Bu, yalnız xaricə gedəcək şəxslərə tətbiq ediləcək. Lakin iki doza inaktiv peyvəndi olanların 3-cü doza vurdurması tələb olunur. Çünki bu peyvəndlərdə qorunmanın 4-6 ay ərzində azaldığını bilirik. BioNTech peyvəndi olanlara isə üçüncü dozasının vurulmasına ehtiyac yoxdur".
Fəxrəddin Qoca ölkədə karantin qaydalarının sərtləşdirilməyəcəyini bildirib.