BMT tərəfindən yayımlanan hesabata görə Əfqanıstanda durum olduqca vahiməlidir və “Taliban”a bağlı qüvvələr ölkədə insan ovuna başlayıb.
Teleqraf.com xəbər verir ki, hesabata görə, “Taliban” keçmiş hökumət və ya NATO qüvvələri üçün işləyən əfqan vətəndaşlarını axtarır.
“Taliban” Kabildə parlamenti ələ keçirdikdən sonra intiqam arxasınca getməyəcəyini elan etmişdi. Ancaq hesabata görə meydandakı durum bunun tam əksini göstərir.
BMT-yə informasiya və hesabatlar təqdim edən Norveç qurumunun hazırladığı sənədə görə çox sayda şəxs “Taliban” tərəfindən hədəfə alınır.
“Bu təhdid olduqca konkretdir”,- hesabatda vurğulanır.
RHİPTO-nun rəhbərlərindən Kristina Nelleman bildirir ki, onlar ölkədə kütləvi edamların həyata keçiriləcəyindən narahatlıq duyurlar.
Qeyd edək ki, bu gün NATO-nun açıqladığı son informasiyaya görə, Əfqanıstandan 18 min insan təxliyə edilib. Onların 6 mini yalnız əcnəbi əsgərlər üçün tərcüməçilik edirmiş.