ABŞ-ın ən çox axtardığı terrorçulardan biri olan və başına 5 milyon dollar mükafat qoyulan “Taliban” liderlərindən Xəlil Haqqani Kabildə ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra təşkilatın bəzi liderləri ortaya çıxmağa başlayıb.
Onların içərisində ABŞ kəşfiyyatının axtardığı və başına 5 milyon dollar mükafat qoyduğu Xəlil Haqqani də var.
ABŞ Əl-Qaidə ilə bağlantısı olmasından şübhələndiyi Haqqanini uzun illərdir axtarır.
Qeyd edək ki, Haqqaninin Kabildə xalqa xitab edərkən və tərəfdarlarını cümə namazı qıldırarkən görüntüləri yayılıb.
Qeyd edək ki, Kabildə “Taliban”a aidiyyəti olmayan keçmiş hökumət nümayəndələri ilə görüşləri də Xəlil Haqqani keçirib. Onun böyük qardaşı Siracəddin Haqqani “Taliban”ın ilk 4 liderindən biridir.