11 Sentyabr olaylarından iki gün əvvəl Əl-Qaidə tərəfindən öldürülən, “Pəncşir aslanı” və “Əfsanəvi komandir” adlarıyla tanınan tacik əsilli Əhməd Şah Məsudun oğlu Əhməd Məsud atasının Əfqanıstandakı mübarizəsini davam etdirmək qərarı verib.
Teleqraf.com xəbər verir ki, Fransanın “La Regle du Jeu” qəzetinə müsahibə verən Əhməd Məsud özünü hakimiyyəti ələ keçirən Taliban əleyhinə müqavimət hərəkatının lideri elan edb.
Atası Taliban tərəfindən öldürülən Əhməd Məsud İngiltərədə təhsilini bitirdikdən sonra ölkəsinə qayıdıb və mübarizəyə başlayıb. Ölkədəki etnik taciklər üzərində güclü nüfuza sahib olan Əhməd Məsud bütün etirazçıları Pəncşirdə toplanmağa çağırıb.
Əhməd Məsud fransız nəşrinə müsahibəsində bunları deyib:
“Əfqanıstanda tiranlıq qalib gəldi. Ölkəmiz köləlik, gurultu və qəzəb içindədir. Şəhid ölkəmizin qisası qorxunc olacaq. Kabil inildəyir, ölkəmizin qolları qandaldadır. Milli qəhrəman və komandir Məsuddan Əfqanıstanın azadlığı uğrunda mübarizəni miras aldım. Bu mübarizə indi mənimdir, geriyə dönüş yoxdur. Silah yoldaşlarım və mən köləliyi rədd edərək, ölməkdə olan ölkəmizin son azad bölgəsi olan Pəncşir qalasına qoşulmaq üçün çağırdığım bütün azad əfqanlarla birlikdə qanımızı verəcəyik. Bütün bölgələrdən və qəbilələrdən olan əfqanlar, sizinlə danışıram və sizi bizə qoşulmağa dəvət edirəm”.