Əfqanıstanda hakimiyyəti ələ keçirmiş Talibana qarşı müqavimət hərəkatı başladan Pəncşir vadisindəki qüvvələrin komandanı Əhməd Məsud geri addım atmayacaqları mesajını verib.
Teleqraf.com xəbər verir ki, tacik qüvvələrinin cəmləşdiyi əyalətdə Milli Müqavimət Cəbhəsi adlı birliyə rəhbərlik edən Məsud Talibana danışıqlar yolunu təklif edib.
“Talibanla yalnız danışıqlar yolu ilə irəliləyişə nail ola biləcəyimizi bildirmək istəyirik”, - Məsud bildirib.
O, müharibənin başlamasını istəmədiklərini, amma Taliban bölgəyə hücum edərsə döyüşçüləri müqavimət göstərməyə hazır olduqlarını deyib.
Məsud keçən həftə Əfqanıstan ordusunun və ordu daxilindəki xüsusi qrupların müqavimət hərəkatına qoşulduğunu açıqlamışdı.