Qazaxıstanın Moskvadakı səfirliyinin binası önündə siyasi fəalların iştirakı ilə aksiya təşkil edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, aksiya Qazaxıstanda rusdilli əhaliyə qarşı ayrı-seçkilik siyasətinə qarşı yönəlib. Səfirlik binasının hasarından ruslara qarşı çıxışlar edən Qazaxıstanın bəzi siyasi xadimlərindən sitat gətirilən portretləri asılıb.
Onların arasında ictimai xadim Marqulan Boranbayın təhsilin yalnız qazax dilində olması ilə bağlı bəyanatı, habelə qazaxıstanlı bloqqer Kuat Axmetovun bir sözü var.
Rus mətbuatının iddiasına görə, Qazaxıstanda millətçilər iş yerlərinə və digər müəssisələrə “dil basqınları” təşkil etməyə başlayıblar. Qruplaşmalar rusların qazax dili biliklərini yoxlamaq üçün müxtəlif dövlət idarələri və dükanlara girirlər. Bir neçə rus əsilli şəxsin qazax dilini bilməməsinə görə kamera qarşısında üzr istəməyə məcbur edildiyi deyilib.
Rusiya Xarici işlər naziri Sergey Lavrov ötən həftə baş verənlərə görə Qazaxıstana etiraz edib.