İtaliya Hərbi Hava Qüvvələrinə məxsus “C-130J” təyyarəsi Kabildəki beynəlxalq hava limanından havaya qalxarkən atəşə tutulub.
Teleqraf.com xəbər verir ki, bu barədə İtaliyanın AGI agentliyi məlumat yayıb.
Son məlumata görə, atəş hava limanının kənarındakı bir təpədən iriçaplı pulemyotdan açılıb. Yaralıların olmadığı və güllələrin təyyarənin uçuşuna mane olacaq qədər zədələmədiyi bildirilib.
Təyyarədə həmin vaxt jurnalistlər və 98 mülki Əfqanıstan vətəndaşı olub.
Təyyarəni İtaliya Hərbi Hava Qüvvələrinin qadın zabiti idarə edib. O, sərnişinləri xilas etmək üçün yayınma manevrləri edib. Təyyarəni Küveytdəki Əl-Salem aviabazasına endirə bilib.
AGI bunun NATO qüvvələri tərəfindən təxliyə əməliyyatlarının başlamasından sonra təyyarəyə edilən ilk hücum olduğunu vurğulayıb.
Bundan əvvəl İŞİD terror təşkilatının yaraqlılarının Kabil hava limanında terror aktı hazırladığı bildirilib. Bu iddia ilə İngiltərə və ABŞ çıxış edib.