27 Avqust 2021 12:10
1 618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sakit Okeanın cənub-şərqində yerləşən Yeni Kaledoniya Fransadan müstəqillik əldə etmək üçün ilk ikisindən müsbət nəticə əldə edilməyən referendumun sonuncusunu keçirməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, Fransadan asılı olan muxtar bölgədə müstəqillik tərəfdarı olan və Parisdən ayrılmaqdan imtina edən qruplar dekabrın 12-də keçiriləcək son referendumdan əvvəl kampaniyaya start veriblər.

Öllkənin müstəqilliyini müdafiə edən Kanak Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS) “Bəli” kampaniyasına Yeni Kaledoniyanın paytaxtı Numeadan başlayıb.

İlk iki referendumda Fransa əleyhinə səs verənlərin sayının artdığını bildirən cəbhə liderlərindən biri Alessio Sako keçən il referenduma 25 min adamın qatılmadığını xatırladıb və dekabr ayında qələbənin mümkün olacağını söyləyib.

Fransadan ayrılmağa qarşı çıxan və “Yox” şüarı ətrafında birləşən müstəqillik əleyhdarları Burail şəhərində təbliğata başlayıblar. Son referendumdan da istədikləri nəticələri əldə edəcəklərini bildirən Kaledoniya Respublika Partiyasının lideri Soniya Bakez ölkənin Fransadan ayrılmağa hazır olmadığını deyib.

Təxminən 180 min seçicinin olduğu adada 2018 və 2020-ci il tarixlərində keçirilmiş ilk iki referendumda insanlardan Yeni Kaledoniyanın suverenliyini qazanmasını və tam müstəqil olmasını istəyib-istəmədikləri soruşulub. Fransanın Xarici Ölkələr Bölgələri Nazirliyinin açıqladığı nəticələrə görə, ikinci referendumda səslərin azalmasına baxmayaraq, ilk referendumda xalqın 56.7, ikincisində isə 53 faizi müstəqilliyə “yox” deyib.

Fransa Parlamentində iki deputat və iki senatorla təmsil olunan Yeni Kaledoniya hər il Parisdən 1.3 milyard avro maliyyə dəstəyi alır.

1853-cü ildə Fransa tərəfindən ilhaq edilən Yeni Kaledoniya bu tarixdən 1946-cı ilə qədər müstəmləkə bölgəsinə çevrilib. 2003-cü ilə qədər Fransanın Xarici Ölkələrdəki Bölgələri Birliyinə daxil edilib. Həmin il konstitusiya dəyişikliyi nəticəsində Fransanın tərkibində muxtar bölgə olaraq yer alıb.

Təxminən 288 min əhalisi və 18 min 576 kvadrat kilometr ərazisi olan Yeni Kaledoniyada 2019-cu il siyahıyaalınmasına görə yerli Kanaklar əhalinin 41.2 faizini təşkil edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər