“Kimlərin necə, hansı formada tənqidlər etdiyini bilmirəm. Hər kəsin tənqid etmək haqqı var. İstədiyimiz tənqidi edə bilərik. Bizim də biri ilə görüşmək üçün kimsədən icazə almaq kimi düşüncəmiz yoxdur. Səfirlikdə 3,5 saat görüş keçirilib. Ehtiyac olarsa, yenə bu formada görüşlər keçirmək fürsətimiz olacaq. Bu cür görüşlərlə prosesi sağlam şəkildə həyata keçirməyə çalışırıq. Onların gözlədikləri nədir? Bizim gözləntilərimiz nədən ibarətdir? Bütün bunları görüşərək müzakirə edəcəyik. Diplomtiya nədir? Diplomatiya elə budur. İndi də dostlarımız bunu qərarlılıqla həyata keçirirlər”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Talibanla təmasların davam etməsi və bəzilərinin buna tənqidi yanaşmasına münasibət bildirərkən deyib.
Sentyabrın 1-dən sonra Türkiyənin Əfqanıstanda mövqeyinin necə olmasına gəldikdə prezident deyib ki, Əfqanıstandakı ümumi mənzərəni görmək lazımdır:
“Əfqanıstanda hazırda ciddi hakimiyyət boşluğu var. Öncə hakimiyyətin aydınlaşması lazımdır, bundan sonra biz də qərarımızı verəcəyik. Türk Hava Yolları hazırda mülki insanları, hərbçilərimizi haradan alıb gətirir? İslamabaddan. Biz dövlətik, dövlət olaraq nə lazımdırsa, onu da edirik”.
Türkiyə prezidenti bildirib ki, 20 ildir Türkiyə həm dövlət, həm də mülki yatırımçılarla Əfqanıstanda olub: “Bütün fəaliyyət zamanı lazımi addımlar atılıb. Biz təxliyə prosesini sürətli şəkildə başa çatdıracağıq. Müvafiq qurumlarımız bu addımı atırlar”.