27 Avqust 2021 16:26
1 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan əlaqələrin bərpası üçün Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımalı, kommunkasiya xətlərini açmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistan hökumət başçısının Türkiyə ilə bağlı səsləndirdiyi fikirlərə diqqət çəkib:

“Qonşu ölkənin Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib ki, Ermənistan regionda sülhün bərqərar olması üçün Türkiyədən bəzi müsbət siqnallar alıb: “Biz bu siqnalları qiymətləndirəcək, müsbət siqnallara müsbət siqnallarla cavab verəcəyik”.

Paşinyan Türkiyədən aldığı hansı müsbət siqnalları nəzərdə tutur? Bunun üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanla bağlı il başlayandan bəri verdiyi açıqlamalara diqqət yetirmək lazımdır. Türkiyə prezidenti bu ilin dekabrında demişdi ki, “Əgər Ermənistan “altılıq platforması” təşəbbüsünə qatılsa, əlaqələrimizdə yeni səhifə açıla bilər”.

Ərdoğan daha sonra iyunun 16-da Azərbaycan parlamentində çıxışı zamanı “Ermənistan Azərbaycanla problemlərini həll etdikcə, biz də Türkiyə olaraq lazımı addımları atacağıq” ifadəsini işlətdi. Ərdoğan bu mövzuya dünən Bitlis vilayətində bir sıra ölkələrin səfirlərinə müraciət edərkən bir daha toxunub: “Qarabağın işğaldan azad edilməsi ilə bölgədə uzunmüddətli sülh üçün şərait yaradılıb. Ermənistan bu şansdan istifadə edərsə, o zaman lazım olan addımları atacağıq”.

Beləliklə, Paşinyanın təbirincə desək, Ankara İrəvana kifayət qədər müsbət siqnal göndərib. Ərdoğan aylardır cavab gözləyir. Elə Bakı da Ermənistana göndərdiyi siqnallara Paşinyandan cavab gözləyir. Ancaq Paşinyan gözləmə mövqeyindədir, açıqlamaları “qonşularla barış”, “regional əməkdaşlıq”, “kommunikasiya xətlərinin açılması”yla əlaqəli olsa da, hələ heç bir addım atmayıb. Atılmalı olan ilk iki addım bəllidir. Ermənistan Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımalı, kommunkasiya xətlərini açmalıdır. Bundan sonra Bakı və Ankara da müvafiq addımlar atacaqlar. Ərdoğanın “Ermənistan bu şansdan istifadə edərsə, o zaman lazım olan addımları atacağıq” cümləsinin mənası da budur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər