ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Talibanı Əfqanıstanın qanuni hökuməti olaraq tanıyıb-tanınmayacaqlarını sözlərə yox, əmələ baxaraq beynəlxalq tərəfdaşlarla birgə addımlar atacaqlarını söyləyib.
Teleqraf.com xəbər verir ki, Prays Talibanla yaxın və operativ ünsiyyət qurduqlarını və hücumların qarşısını almaq üçün bütün təhlükəsizlik tədbirlərini artırdıqlarını deyib.
Avqustun 31-dən sonra ABŞ-ın Əfqanıstanda diplomatik missiyasının fəaliyyəti ilə bağlı danışıqlara davam etdiklərini qeyd edən Ned Prays bütün hallarda bu ölkədə diplomatik fəaliyyətə tərəfdar olduqlarını vurğulayıb.
O, ABŞ-ın Talibana güvənib-güvənmədiyi ilə bağlı suala belə cavab verib: “Bu, güvən məsələsi deyil, qarşılıqlı maraqlar məsələsidir”.
Bu gün taliblərin tanınmasına açıq cavab verməyin mümkün olmadığını bəyan edən Prays bununla belə, ABŞ-ın Talibanın tanınmasına şərti olaraq “yaşıl işıq” yandırdığına da eyham vurub:
“Bu suallara bu gün cavab verə bilmirik. Talibandan bəzi müsbət və bəzi konstruktiv ifadələr eşitdik, amma günün sonunda biz və beynəlxalq tərəfdaşlarımız sözlərə yox, əməllərə baxacağıq”.