8 Noyabr 2014 19:03
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tiflisdə İrakli Alasaniyanın lideri olduğu “Azad demokratlar” partiyasının qurultayı keçirilib. Qurultayda Gürcüstan parlamentinin sədri David Usupaşvili, Avropa və Avroatlantik məkana inteqrasiya üzrə sabiq dövlət naziri Aleksi Petriaşvili və deputat Nino Qoquadze çıxış ediblər.

Çıxışlardan sonra səsvermə keçirilib və sabiq müdafiə naziri İrakli Alasaniya yekdilliklə "Azad demokratlar" partiyasının sədri seçilib.

Qurultayda sabiq xarici işlər naziri Maya Pancikidze və "Gürcü arzusu" fraksiyasının deputatı Şalva Şavqulidzenin "Azad demokratlar" partiyasına üzv qəbul ediləcəyi barədə məlumat verilib.

Qurultayda Marneuli, Rustavi, Msxeta və digər bölgələrdən nümayəndələr, habelə diplomatik korpus və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Qeyd edək ki, partiya lideri İ. Alasaniya Gürcüstanın müdafiə naziri vəzifəsindən istefaya göndərildikdən sonra yenidən "Azad demokratlar" partiyasına rəhbərlik etməyi qərara alıb.

Teleqraf.com-un məlumatına görə, Gürcüstan parlamentinin vitse-spikeri, "Azad demokratlar" partiyasının üzvü Zurab Abaşidze müvafiq açıqlamasında müxalifətə keçdiklərini bildirib: "Bir az bundan əvvəl biz koalisiyanın üzvü idik və biz özümüzü əsas oyunçulardan biri hesab edirdik. Lakin bizim müxalifətdə olmağımıza baxmayaraq, biz parlamentdə qanunların və digər sənədlərin qəbulunda koalisiyada qalan bütün partiyalarla əməkdaşlıq edəcəyik. Gələcək bizdən və bizim xalqımızdan asılıdır. Biz Avropa və Avroatlantik məkana inteqrasiyanı dəstəkləyirik və bu yolda var qüvvəmizlə çalışacağıq".


Müəllif: