ABŞ 2008-ci ildən başlayaraq, öz məhkəmələrində mühakimə etmək üçün Rusiya vətəndaşlarını üçüncü ölkələrdə həbs edir. Bu cür halların sayı 50-yə çatıb və artmaqda davam edəcək.
Teleqraf.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin insan haqları komissarı Qriqori Lukyantsev deyib.
“Üçüncü ölkələrdəki vətəndaşlarımız ABŞ-ın təqibləri altındadır. Məqsəd üçüncü ölkələrdə ABŞ tərəfindən həbs olunan Rusiya vətəndaşlarının Amerika məhkəmələrində mühakimə olunmaları üçün Vaşinqtona ekstradisiya edilməsinə zəmin yaratmaqdır”, - XİN rəsmisi bildirib.
Lukyantsev həbs olunan rusların barələrində irəli sürülən ittihamları qəbul etmələri üçün ciddi təzyiq və işgəncələrə məruz qaldıqlarını deyib. O, baş verənləri “ABŞ-ın rus ovu” adlandırıb.
Rus mətbuatı rusiyalı iş adamı Vladislav Klyuşinin İsveçrədə saxlanılması və həbs edilməsi barədə məlumat yayıb. İş adamının vəkili Oliver Sirik bunun siyasi motivli olduğunu iddia edib.
“ABŞ onun üçün İsveçrədə tələ qurdu. Həbs olunduqdan sonra ABŞ rəsmiləri onun Amerikaya ekstradisiyasını tələb etdilər”, - vəkil vurğulayıb.
Klyuşin bu ilin martında saxlanılıb. Ekstradisiya qərarı verilənədək nəzarətə alınıb.