30 Avqust 2021 14:53
2 880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan onun xarici işlər naziri postuna təyin edilməsinə Moskvanın mane olmasından danışıb.

Teleqraf.com xəbər verir ki, “Azatutyun” telekanalına müsahibə verən Qriqoryan jurnalistin məsələ ilə əlaqədar sualından yayınıb.

Təhlükəsizlik Şurasının rəhbəri jurnalistin sualına belə cavab verib:

“Seçkilərdən əvvəl və sonra da Xarici İşlər Nazirliyində gərginlik yaşanmışdı, bu problemləri tezliklə həll etmək imkanımız yox idi. Seçkilərdən sonra müxalifətin Konstitusiya Məhkəməsinə müraciət etməsi də yeni hökumətin qurulmasını gecikdirdi. Baş nazir (Nikol Paşinyan) bu şərtlər altında məni xarici işlər nazirinin müavini təyin etmək qərarına gəldi. Baş nazir yeni xarici işlər naziri təyin edilməsi ilə bağlı son qərarı verənədək bu vəzifəni icra etdim.

Bu qərar verildikdən sonra Təhlükəsizlik Şurasına qayıtdım. Son üç il ərzində rusiyalı həmkarım Nikolay Patruşevlə (Rusiya Təhlükəsizlik Şurasının katibi) çox səmərəli işlədim. Üstəgəl, son dörd ildə Ermənistanda yaşamaq icazəm yox idi. Bu məsələ dəfələrlə ictimaiyyət tərəfindən müzakirə olunmuşdu və bu hal xarici işlər nazirinin təyin edilməsi baxımından da əhəmiyyətlidir”.

Bu cavabından sonra jurnalist ona belə bir sual ünvanlayıb: “Əminsiniz ki, Moskva burada rol oynamayıb?”.

Armen Qriqoryan yenə birmənalı cavab verməkdən yayınıb: “Son üç ildə Moskva ilə çox səmərəli işləmişəm”.

Ermənistanda xarici işlər naziri postu təxminən üç ay boş qalıb. Armen Qriqoryan bir ay müddətinə nazirin birinci müavini vəzifəsini yerinə yetirib. Parlamentdəki hakim fraksiya (“Vətəndaş müqaviləsi”) onun nazirliyin rəhbər postuna namizədliyinin müzakirə edildiyini inkar etməyib. Lakin o, yenidən Təhlükəsizlik Şurasının katibinin ofisinə - əvvəlki postuna geri qayıdıb və parlamentin keçmiş spikeri Ararat Mirzoyan xarici işlər naziri təyin edilib.

Erməni mətbuatının iddiasına görə, Qriqoryanın Ermənistanın baş diplomatı postuna keçməsinə Rusiya mane olub. Azərbaycan və Türkiyə ilə əlaqələrin bərpasında maraqlı fiqur kimi tanınan Armen Qriqoryan, eyni zamanda Paşinyanın qərbyönümlü komandasının aparıcı üzvlərindən biridir. Bu səbəbdən onun Rusiya ilə əlaqələrinin o qədər yüksək səviyyədə olmadığı bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər