30 Avqust 2021 19:57
1 471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan Sülh Şurasının sədri Əzizullah Din Məhəmməd Türkiyənin ölkəsindəki fəaliyyətləri ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, ölkədə ən vacib şeyin təhlükəsizlik olduğunu deyən Məhəmməd yeni hökumətin qurulması ilə sabitliyin təmin ediləcəyini söyləyib.

Türklərlə əfqanlar arasında tarixi bağların olduğunu qeyd edən şura sədri Əfqanıstanda yeni hökumət qurulduqdan sonra Türkiyədən iqtisadiyyat və təhsilə dəstək gözlədiyini bildirib.

Məhəmməd Prezident Rəcəb Tayyib Ərdoğanın artıq Əfqanıstana öz dəstəyini ifadə etdiyini vurğulayıb:

“Yeni hökumət qurulsa, inanıram ki, Türkiyədən dəstək alacağıq. İnanıram ki, Türkiyə Əfqanıstanla əlaqələr quran ilk ölkə olacaq”.

Məhəmməd Talibanın “Əfqanıstanda heç bir xarici qüvvənin qalmasını istəmirik” bəyanatına da toxunub:

“Bu türk hərbi qüvvələri ilə əlaqəli deyil, NATO-ya ünvanlanmış xəbərdarlıqdır. Taliban NATO-nun Əfqanıstanda hərbi qüvvə saxlamasını istəmir. Ümid edirəm ki, yeni rəhbərlik Türkiyə ilə müstəqil əlaqələr quracaq. Türk ordusu yenidən bura gələcək və münasibətlər daha da sıx şəkildə davam edəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu