90 təqaüdçü general və admiral ABŞ qoşunlarının Əfqanıstandan biabırçı şəkildə çıxmasına etiraz olaraq, müdafiə naziri Lloyd Ostin və baş qərargah rəisi Mark Millini istefaya çağırıb.
Teleqraf.com xəbər verir ki, məktuba imza atanlar müdafiə naziri və baş qərargah rəisinin ilk növbədə, vəzifələrini yerinə yetirə bilmədikləri üçün istefa verməli olduqlarını bildiriblər.
Məktubda qeyd edilib ki, həm Milli, həm də Ostin Prezident Co Baydenə qoşunların geri çəkilməsinin qarşısını almaq barədə məsləhət verməli idi, amma bu iki şəxsin dərhal geri çəkilmə prosesini dayandırmaq üçün əllərindən gələni etmədilər. Buna görə də istefa verməlidirlər.
Generallar “qəddar düşmən”in nəzarətində olan təhlükəli bölgələrdə qalan 15 minə yaxın amerikalı və Amerika qüvvələrinə dəstək verən təxminən 25 min Əfqanıstan vətəndaşının qaldığını söyləyiblər.
Generallar bu fəlakətin nəticələrinin inanılmaz olduğunu və təsirin onilliklər ərzində rezonansa səbəb olacağını bildiriblər.
“Düşmənlərimizin əlinə keçən qabaqcıl hərbi texnika və təchizat da milyardlarla dollar itki deməkdir”, - məktubda vurğulanıb.