ABŞ Əfqanıstan kimi Suriyadan da tamamilə geri çəkiləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Foreign Policy” jurnalı yazıb.
Co Baydenin hakimiyyətə gəlməsindən sonra dəyişən Yaxın Şərq siyasətinə diqqət çəkən nəşr qeyd edib ki, ABŞ administrasiyasının Suriyada həyati maraqlarını müdafiə edəcək kimsə yoxdur. Keçmiş prezident Donald Tramp dövründə Fəratın şərqində bir Amerika şirkətinə neft yataqlarının istismarı ilə bağlı verilmiş icazənin Baydenin tərəfindən ləğv edilməsi bu iddianı gücləndirir.
Məqalədə, eyni zamanda bəzi Körfəz ölkələri başda olmaqla bir sıra ərəb dövlətlərinin son aylarda Bəşər Əsəd rejiminə yaxınlaşdığı bildirilib. Qeyd edilib ki, 10 ildən çox davam edən qarşıdurmadan sonra ərəb ölkələri həll yolu tapmağa çalışırlar. Bir neçə il əvvəl qəribə görünən Suriya ilə bağlı həll təkliflərinin indi daha rasional görünməyə başladığı deyilib.
Məqalədə ABŞ-ın Suriyadan geri çəkilməsinin Türkiyənin mövqeyini gücləndirəcəyi iddia edilib:
“ABŞ-ın Suriyadan çəkilmə qərarı PYD və YPG tərəfindən yaradılan Suriya Demokratik Qüvvələri (SDQ) üçün həyati əhəmiyyət kəsb edir. Vaşinqton 2014-cü ildən bəri YPG qüvvələrinə dəstək verir. Türkiyənin PKK-nın Suriyadakı uzantıları olan bu təşkilatlarla mübarizəsi davam edir. ABŞ-ın geri çəkilmə qərarı yerinə yetiriləcəyi təqdirdə Türkiyənin Suriyadakı mövqeyinin güclənəcəyi düşünülür”.