Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev respublikada hər cür radikalizmə qarşı sərt mübarizə aparacağına söz verib.
Teleqraf.com xəbər verir ki, prezident Qazaxıstan ərazilərinə təcavüzə də imkan verilməyəcəyini bildirib.
“Fikir plüralizmini qoruyarkən, eyni zamanda radikalizmin hər hansı formasının qarşısını qəti şəkildə alacağıq. Dövlət suverenliyimizə və ərazi bütövlüyümüzə təcavüzə yol verməyəcəyik”, - Tokayev qeyd edib.
Rusiyanın “Novosti” agentliyinin məlumatına görə, sosial şəbəkələrdə Qazaxıstan və Qırğızıstanda rusdilli vətəndaşların bu ölkələrin yerli dillərini zəif bilməkdə kəskin ittiham olunduğu videolar yayılmağa başlayıb. Qazaxıstanda qeydiyyatdan keçməyən “Yel Tiregi” partiyasının lideri Nurjan Altayev və onun müavini Murad Muhammedjanov da baş verənlərlə bağlı müraciətlərinin əks olunduğu bir video yayımlayıblar. Hər iki şəxs Qazaxıstanda rusdilli vətəndaşların sıxışdırıldığını düşünənlərə müraciət etdikləri videoda ölkəyə gələcəkləri təqdirdə onları cəzalandıracaqlarını bildiriblər.
Qazaxıstandakı olaylara münasibət bildirən Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçev deyib ki, millətçilərin rusdillilərə qarşı davranışları barədə qarşı tərəfdən izahat tələb olunmalıdır. Onun sözlərinə görə, bunların mehriban qonşuluqla heç bir əlaqəsi yoxdur. Öz növbəsində, Federasiya Şurası beynəlxalq komitəsi sədrinin müavini Vladimir Cabbarov bildirib ki, rusiyalı deputatlar Qırğızıstan və Qazaxıstanda rusdilli vətəndaşların hüquqlarının parlamentlərarası səviyyədə qaldırılmasını planlaşdırırlar.