“Son hadisələr fonunda iqtisadiyyatı və idarəetmə infrastrukturu sürətlə çökməkdə olan Əfqanlstanı kim xilas edə bilər? Görünən budur ki, 20 il ərzində inadkarlıqla döyüşən Taliban hakimiyyəti əldə etdikdən sonra ağır məğlubiyyətə uğramaq təhlükəsilə üz-üzədir. İndi məğlubiyyət idarəetmə böhranının nəticəsində baş verə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.
Onun sözlərinə görə, Taliban rəhbərliyi bunun məsuliyyətini yaxşı anlayır, amma legitimliyin olmaması onların beynəlxalq əməkdaşlıq imkanlarını məhdudlaşdırır:
“Adicə ölkənin dünya ilə əsas giriş-çıxış yolu olan Kabil hava limanında yaranmış xaos, onun idarə olunmasının iflici taliblərin beynəlxalq əlaqələri bərpa etmək cəhdlərini bir qədər da əngəlləyir. Beynəlxalq əlaqələrin qurulması isə Əfqanıstan üçün bu gün həyati əhəmiyyət kəsb edir. Belə ki, ölkə əhalisinin gəlirlərinin 40% qədəri xaricdən daxil olur, amma köçürmələrin qapadılması səbəbindən əfqanlar bundan məhrum olublar.
Nəticədə ərzaq qiymətləri 50%, yanacaq isə 75% bahalaşıb. Bu isə əhalisinin əksəriyyəti onsuz da yoxsul olan Əfqanıstan üçün humanitar fəlakət deməkdir. Artıq bu gün ölkədə hər üçüncü insan aclıqdan əziyyət çəkir. BMT bildirib ki, əfqanlara təcili yardım üçün ilkin mərhələdə azı 200 milyon ABŞ dolları məbləğində yardım lazımdır. ABŞ hökuməti yardım etmək üçün ona azı 1 ay vaxt lazım olduğunu bildirib.
Yaranmış vəziyyətin mümkün ağır nəticələrini anlayan taliblər qələbə eyforiyasından çıxaraq real addımlar atmağa başlayıblar, Kabil hava limanının müdafiəsi, uçuşların idarə olunması üçün Türkiyəyə və Qətərə müraciət ediblər. Qətərin xarici işlər nazirinin yardımçısı ölkə mütəxəssislərinin uçuşların idarə olunması üçün artıq Kabilə yollandığını bildirib.
Əfqanıstan İslam Partiyasının sədri, keçmiş baş nazir Gülbiddin Hikmatiyar isə bildirib ki, Taliban rəhbərlərilə danışıqlar zamanı Kabil hava limanının mühafizəsinin ən etibarlı tərəfdaş saydığı Türkiyəyə həvalə olunmasını təklif edib və taliblər də bununla razılaşıblar. Almaniyanın “Deutsche Welle” kanalı artıq taliblərin Türkiyə və Qətər rəsmilərilə danışıqlar apardıqlarını bildirir.
Deutsche Welle bunu da bildirir ki, ABŞ da daxil olmaqla beynəlxalq aləm Türkiyənin Əfqanıstandakı sülh prosesində həlledici rol oynaya biləcəyinə inanır. Bu məsələ Ankaraya səfər edən Almaniya xarici işlər naziri Heiko Massın türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşünün əsas mövzusu olub. Eyni fikri NATO Baş Katibi Yens Stoltenberq də səsləndirib”.
Ərəstun Oruclu qeyd edib ki, “əfqan düyünü”nün açılmasında Ankaranın üzərinə tarixi missiya düşür:
“Türkiyə başıbəlalı Əfqanıstanın quruculuq yoluna keçməsində həlledici rol oynaya bilər. Ankaranın isə belə təcrübəsi artıq var, özü də bir neçə ölkədə. Somalidəki üzücü vətəndaş müharibəsinin dayandırılmasını, Eritreyanın dirçəlməyə başlamasını, Həbəşistandakı vəziyyətin sabitləşməsini xatırlamaq kifayətdir. Türkiyənin bu missiyasında Qətərin də rol alması artıq faktdır. Xatırladım ki, ABŞ-la Taliban arasında danışıqlar taliblər üçün hər zaman açıq qalmış Qətərin vasitəçiliyi sayəsində baş tutmuşdu. Elə həmin səbəbdən də Dohanın önə çıxmasına qəzəblənən Səudiyyə Ərəbistanı az qala Qətər əmirini silah gücünə devirəcəkdi. Amma o zaman Ankara buna imkan vermədi.
Bəs Azərbaycan necə, bu məsələdə Türkiyənin tərəfdaşı ola bilərmi? Əlbəttə, öz çoxsaylı daxili problemlərimizi kənara qoyub Əfqanıstan məsələsilə qatılmağımız absurd görünə bilər. Amma bizim üçün daxili məsələlərimizin prioritet olmasilə yanaşı, xarici siyasətdə də uğur Azərbaycana xeyli əlavə dividentlər gətirərdi. Xüsusilə də Əfqanıstan məsələsində və indiki dönəmdə.
Son 40-50 ildə beynəlxalq güclərin sabitlik yarada bilmədikləri və ya bunu etmək istəmədikləri Əfqanıstanda sülh prosesinə dəstək vermək, ölkənin daxili sabitliyə və inkişaf yoluna düşməsində iştirak etmək bu prosesdə olan ölkələr üçün mübahisə doğurmayan müsbət beynəlxalq reputasiya demək olardı. Məsələn, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qurulan yeni hava limanlarından Əfqanıstana daşımaları həyata keçirməklə təkcə bu ölkənin böhrandan çıxmasına dəstək deyil, həm də Azərbaycanın beynəlxalq logistikada yer aldığı haqda ciddi mesaj demək olardı”.
Ekspert hesab edir ki, azərbaycanlı dispetçer və pilotların bu gün kəskin mütəxəssis qıtlığı yaşayan Əfqanıstana müvəqqəti ezam olunması isə ölkə aviasiyasının keyfiyyətcə yeni bir pilləyə çıxması olardı:
“Müxtəlif sahələrdə çalışan digər mütəxəssislərin də iştirakı bu prosesə əlavə dəstək ola bilər. Azərbaycanın isə Əfqanistanda çalışmaq təcrübəsi artıq var. İndiyədək bu, əsasən hərbçilərimizin beynəlxalq sülhməramlı kontingentin tərkibində iştirakı ilə olub və hərbçilərimiz də ölkəni layiqincə təmsil edə biliblər. Elə son günlər onların Kabil hava limanındakı rolu dünyanın diqqət mərkəzində olmuşdu.
Bu gün masa üzərində təkcə Əfqanıstanın gələcəyi deyil, həm də onun yaranmış böhrandan çıxmasına dəstək olacaq ölkələrin beynəlxalq nüfuzudur. Beynəlxalq nüfuz və reputasiya hər bir ölkə üçün yetərincə zəruri amildir, kiçik Azərbaycan üçün isə xüsusilə. Odur ki, bu haqda düşünməyə dəyər”.