Taliban sözçüsü Zabihullah Mücahid Qətər, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən olan texniki qrupların Kabil hava limanında beynəlxalq uçuşların bərpası üçün çalışdıqlarını söyləyib.
Teleqraf.com xəbər verir ki, Zabihullah Mücahid paytaxt Kabildə mətbuat konfransı keçirib.
Mücahidin çıxışındakı əsas məqamları aşağıdakılardır:
- Pəncşir problemini sülh yolu ilə həll etməyə çalışdıq, amma cəhdlərimiz nəticə vermədi. Pənçşir ələ keçirildi və Əfqanıstanda müharibə başa çatdı. Ümid edirik ki, Əfqanıstanda sabitlik olacaq.
- Əşrəf Qanidən sonra özünü prezident elan edən Əmirullah Saleh Tacikistana qaçıb.
- Əfqanıstanda müharibənin davam etməsinə heç bir əsas yoxdur və vətəni qurmağın vaxtıdır.
- Qüvvələrimiz Əfqanıstanın hər tərəfində yerləşdirilib. Hər kəsin təhlükəsizliyini təmin edəcəyik.
- Əfqanıstanda insanlar arasında ayrı-seçkilik etməyəcəyik.
- Beynəlxalq ictimaiyyətlə yaxşı münasibətlər qurmağa can atırıq.
- Beynəlxalq ictimaiyyəti Əfqanıstana humanitar dəstəyi dayandırmamağa çağırırıq.
- Ümid edirik ki, dost dövlətlər ölkəmizi yenidən qurmaq üçün bizə dəstək olacaqlar.
- Qətər, Türkiyə və BƏƏ-dən olan dostlarımız Kabil hava limanında beynəlxalq uçuşları bərpa etmək üçün çalışırlar. Uçuşlar tezliklə başlayacaq. Hava limanındakı radar ABŞ-ın ölkəni tərk etməsi nəticəsində məhv edilib.
- Yeni hökumət bir neçə gün ərzində açıqlanacaq. Hökumət bütün Əfqanıstanı əhatə edəcək.
- Qadınlar da daxil olmaqla, hər kəsə azad toplaşmaq icazəsi verəcəyik.