Taliban Əfqanıstanı idarə edəcək yeni hökumətin üzvlərini ictimaiyyətə açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Taliban hökumətində yer alan bəzi adlar xüsusi diqqət çəkib.
Talibanın qurucusu Molla Ömərə yaxın şəxslərdən sayılan Molla Həsən Axundzadə hökumət başçısı seçilib.
Talibanın dini lideri Heybatullah Axundzadə bəyan edib ki, hərəkat İslam hüququna və bütün beynəlxalq qanunlara, razılaşmalara sadiq qalacaq.
Baş nazir Molla Həsən Axundzadənin müavini Talibanın siyasi bürosunun rəhbəri Molla Əbdülqani Bəradər olacaq.
Molla Ömərin 31 yaşlı oğlu Molla Məhəmməd Yaqub isə Əfqanıstanın müdafiə naziri olacaq.
Daxili İşlər Nazirliyinə ABŞ-ın terror təşkilatı kimi tanıdığı Haqqani şəbəkəsinin qurucusunun oğlu Siracəddin Haqqani rəhbərlik edəcək.
Haqqaninin Əl-Qaidə terror təşkilatı ilə bağlantısının olması dünya mediasının xüsusi diqqətini çəkir. Haqqani müharibə zamanı NATO əsgərləri və əfqan mülki insanlara qarşı bir çox hücum əməliyyatı həyata keçirməklə tanınır.
Əfqanıstanda qadınlarla iş üzrə nazir vəzifəsinin ləğv edilməsi dünya ictimaiyyəti tərəfindən etiraza səbəb olub. Kabinetdə qadın nazirin olmaması Talibanın qadın hüquqlarını qəsb etməsi kimi qiymətləndirilir.
Burada daha bir nüans Talibanın davranış və mədəniyyətə yönəlik Fəzilət və Əxlaqsızlığın Qarşısının Alınması Nazirliyinin yaradılmasıdır.
ABŞ Dövlət Departamenti açıqlama verərək Taliban kabinetində təmsil olunan bəzi şəxslərin keçmiş fəaliyyətlərindən dolayı narahat olduqlarını bildirib.
Ən maraqlısı odur ki, Talibana liderlik edən Molla Axundun yeni hökumətdə hansı rolu həyata keçirməsi qeyri-müəyyəndir. 60 yaşında olduğu təxmin edilən Axundun İrandakı kimi ruhani rəhbər rolunu oynayacağı təxmin edilir.