“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Əfqanıstandan gələn hər hansı təhlükəyə qarşı hazırdır”.
Teleqraf.com xəbər verir ki, bu barədə KTMT-nin qərargah rəisi general Anatoli Sidorov açıqlama verib.
“İndi bütün dünya Əfqanıstanda və ətrafındakı vəziyyətin necə inkişaf edəcəyindən narahatdır. Hamımız bilirik ki, birbaşa Əfqanıstanla həmsərhəd olan təşkilatımızın üzv dövlətləri var. Düşünürəm ki, bizim vəzifəmiz proseslərin istənilən inkişafına hazır olmaqdır”, - Sidorov qeyd edib.
O, KTMT-yə üzv dövlətlərinin növbəti təliminin bu məqsədlə keçirildiyini bildirib:
“Bu səbəbdən təlimin mövzusu müəyyən edilib. Əsasən terror təhlükəsi ilə mübarizə məqsədi daşıyacaq. Üzv dövlətlərin Əfqanıstanla sərhədlərində problemlərinin olduğunu unutmamışıq. İndi orada vəziyyət qeyri-sabitdir. KTMT istənilən təhlükəni dəf etməyə hazırdır”.
Hazırda Qırğızıstanda təlimləri başlayan KTMT-nin növbəti hərbi məşqləri oktyabr ayında Əfqanıstanla sərhəddəki Tacikistanda keçiriləcək.