9 Sentyabr 2021 11:50
1 673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyası Prezidenti Vladimir Putin sentyabrın 8-də faciəli şəkildə dünyasını dəyişən Fövqəladə Hallar Nazirliyinin rəhbəri Yevgeni Ziniçevi Rusiya Qəhrəmanı adına layiq görüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin saytında yerləşdirilən məlumatda bildirilir.

“Prezident ordu generalı Y.N.Ziniçevə “Rusiya Federasiyasının Qəhrəmanı adının verilməsi haqqında” fərman imzalayıb”, - deyə Kremlin saytında dərc olunan məlumatda deyilir.

Bu ad Ziniçevə “xidməti vəzifəsini yerinə yetirərkən göstərdiyi qəhrəmanlığa, igidliyə və cəsarətə görə” verilib.

Yevgeni Ziniçevin faciəli ölümü sentyabrın 8-də məlum olub. Nazir Norilskdə tanınmış kinorejissor Aleksandr Melniki xilas etmək istəyərkən həlak olub. Hadisə nəticəsində rejissor da həyatını itirib.

Mənbələr bildirir ki, Ziniçevlə vida mərasimi sentyabrın 10-da Moskvada baş tutacaq və nazir həmin gün Sankt-Peterburqda dəfn olunacaq.

V.Putin nazirin ölümü ilə əlaqədar başsağlığı verib. Ziniçevin faciəli ölümünü şəxsi əvəzolunmaz itkisi adlandırıb.

Serbiya Prezidenti Aleksandr Vuçiç, Rusiyanın Baş naziri Mixail Mişustin, Xarici İşlər naziri Sergey Lavrov və başqaları da başsağlığı veriblər.


Müəllif: Səxavət

Oxşar xəbərlər