“Əfqanıstanda hakimiyyətə islamçı qüvvələr gəldiyi üçün həmin dinə əsaslanan sistem qurmaq niyyətləri də təbii görünməlidir. İndi Taliban Əfqanıstanı idarə edəcək hökumətin tərkibini açıqlayıb. Onlar yaxın dövr üçün hansı istiqamətdə hərəkət edəcəklərini ortaya qoyacaqlar. Bunlar İslama əsaslanan qüvvələr olduğu üçün fəaliyyətlərində İslam dininin qaydalarını əsas kimi götürəcəklər. Amma unutmayaq ki, Əfqanıstanda baş verən proseslərdə xarici aktyor kimi əsas rolu Çin oynayacaq”.
Bunu Teleqraf.com-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Əfqanıstanda baş verən proseslər haqqında danışarkən bildirib.
Araz Əlizadə bildirib ki, indi kənar ölkələr və dövlətlər içərisində yalnız Çin Əfqanıstanda böyük pullar xərcləməyə, yatırımlar qoymağa və yeni hökumətə maliyyə dəstəyi göstərməyə hazır kimi görünür:
"Bununla da Çin Əfqanıstanla sərhədlərində sabitlik yaratmaq məqsədi güdür. Çinin belə bir imkanları da var. Əlbəttə, böyük yatırımlar və sərmayələr həm də Çinin rolunu və Əfqanıstan üzərində təsirinin artmasına səbəb olacaq”.
ASDP sədrinin fikrincə, indi əsas oyunçulardan olan Rusiyanın əsas hədəfi Orta Asiya respublikalarını qorumaqdır:
“Rusiyanın Əfqanıstana pul buraxmayacaq, çünki onun belə pulu yoxdur. Moskva yalnız Orta Asiya respublikalarını Əfqanıstanın təsirindən qorumağa çalışacaq. Əslində son günlər Rusiyanın Tacikistan və digər Orta Asiya ölkələrində hərbi təlimlər keçirməsi bunun təzahürüdür. ABŞ faktiki Əfqanıstanı tərk edib. Rusiya ona yaxın bölgələri təhlükədən qorumaq, Çin isə Əfqanıstana pul buraxmaq niyyətindədir”.