Gürcüstan Baş Prokurorluğu sabiq prezident Mixail Saakaşvili və sabiq baş nazir İvane Merabişviliyə qarşı əlavə ittihamlar irəli sürüb.
Teleqraf.com-un “Novosti Qruziya”ya istinadən verdiyi məlumata görə, 2005-ci ilin yayında o zamankı deputat Valeri Qelaşvilinin döyülməsi ilə bağlı cinayət işi üzrə keçmiş prezident və sabiq baş nazirə qarşı yeni ittihamlar irəli sürülüb.
“Gürcüstan Cinayət Məcəlləsinin 333-cü maddəsinin 3-cü bəndi (vəzifə səlahiyyətlərini zor tətbiqi ilə aşma) ilə ittiham olunan Mixail Saakaşvili və İvane Merabişviliyə qarşı ittiham 25-117-ci maddənin 5-ci bəndi ilə (sağlamlığa ağır xəsarət yetirilməsinin təşkili) ilə sərtləşdirilib”, - deyə prokurorluğun açıqlamasında deyilir.