Liviyada İtaliyanın müstəmləkə qüvvələrinə qarşı əfsanəvi müqaviməti ilə dünyanın mübarizə simvoluna çevrilən “Səhra aslanı” ləqəbli Ömər Muxtarın edam edilməsindən 90 il ötür.
1860-cı illərdə Liviyanın dağlıq bölgəsi Cəbəl Əhdarda dünyaya gələn Ömər Muxtar təhsilini burada fəal olan Sənusi Hərəkatının mədrəsələrində alıb. Təhsildə qazandığı uğurlarla hərəkatın qabaqcıl simalarının diqqətini çəkən Muxtar 1899-cu ildə Çaddakı Fransa koloniyasına qarşı silahlı mübarizə aparıb.
1911-ci ilə qədər İtaliyanın müstəmləkə qüvvələri Tripoli və Benqaziyə hücum edərək, Liviyanı işğal etməyə başladılar. İtalyan qüvvələri bölgədəki Osmanlı ordusunun təslim olmasını tələb etdilər. Amma Osmanlı qoşunları bunu rədd edərək, Liviyanın yerli müdafiə qüvvələri ilə birlikdə geri çəkilib italyanlarla döyüşməyə başladı.
Balkan müharibəsinin başlaması ilə Osmanlı qoşunları Anadoluya qayıtdı, italyanlar Tripolitaniya əyalətinin Tripoli, Fizzan və Kirenaika bölgələrini ələ keçirdilər. Quran, ərəb və İslam elmləri sahəsində müəllim olan, habelə coğrafiyanı yaxından bilən bir döyüşçü olan Muxtar tətbiq etdiyi strateji döyüş taktikaları sayəsində italyanları məğlub etdi.
“Səhra aslanı”
Döyüşlərdə qazandığı uğurlara görə “Səhra aslanı” adını alan Muxtar İtaliyaya qarşı 22 illik mübarizəsində qocalmasına baxmayaraq müstəmləkəçilərin bölgədəki bir çox komandanını öz vətənlərinə məğlubiyyətlə qaytardı.
İtaliyada hakimiyyət dəyişikliyindən sonra iqtidara gələn faşistlərin lideri Benito Mussolini 1930-cu ildə general Radolfo Qrazianini bölgəyə qubernator göndərdi. İtalyan qüvvələri Qrazianinin rəhbərliyi altında üsyançılara qarşı uğursuz hərbi cəhdlərindən sonra, 1931-ci ildə Mussolininin razılığı ilə yeni qanlı taktikaya əl atdılar.
Cəbəl Əhdarda təxminən 100 min yerli sakin sahil xəttindəki konsentrasiya düşərgələrinə göndərildi, Misir sərhədi bağlandı və Liviya üsyançılarının dəstək xətti kəsildi. Muxtarın başçılıq etdiyi Sənusi qoşunları mübarizəni davam etdirdilər.
Muxtar 1931-ci il sentyabrın 11-də İtaliya hərbi hava qüvvələrinin hücumları nəticəsində pusquya düşdü və yaralandı.
Ölüm kürsüsündə
Ömər Muxtar 1931-ci il sentyabrın 15-də Sulukdakı əsir düşərgəsində qurulan “məhkəmə”də İtaliyanın bölgədəki hərbi komandanlığı tərəfindən mühakimə edildi. Ölüm kürsüsü və edam üçün bütün zəruri hazırlıqlar əvvəlcədən hazırlanmışdı. Hökmün icrasını izləməsi üçün yerli insanlardan və siyasi məhbuslardan ibarət 20 min adam bölgəyə gətirildi.
Muxtar sentyabrın 16-da edam olundu.
“Səhra aslanı”nın mübarizə apardığı general Qraziani Muxtarın ölümündən sonra gündəliyində bu qeydi yazdı:
“Orta boylu, iri gövdəli, saçı, saqqalı və bığı ağ olan Ömər açıq və canlı zəkaya sahib idi, dini mövzularla bağlı bilgili, enerjili və sərt xarakterə malikdi. Fədakar və barışmaz idi. Sənusi Hərəkatının ən öndə gələn liderləri arasında yer almasına baxmayaraq, dindar və kasıb olaraq yaşadı”.
Mücahidlərin müəllimi
Müstəmləkə qüvvələrinə qarşı müqaviməti ilə Liviyanın milli qəhrəmanına çevrilən Ömər Muxtarın mübarizəsi Hollivudun da diqqətini çəkib. İslamın yaranmasından bəhs edən “Çağırış” filmi ilə tanınan suriyalı rejissor Mustafa Akkad 1981-ci ildə “Səhranın aslanı” filmində Muxtarın italyanlarla mübarizəsini ekranlaşdırdı.
Filmdə Ömər Muxtar obrazını Oskar mükafatlı aktyor Entoni Kuinn canlandırır. Ekran əsərində Muxtara aid edilən “Biz təslim olmağı bilməyən xalqıq, ya qazanırıq, ya da ölürük” sözləri uzun illərdir yaddaşlarda qalıb. Muxtarın bu sözləri “Ərəb baharı” inqilabları zamanı keçirilən nümayişlərdə liviyalıların qaldırdıqları pankartlarda da öz əksini tapdı.
20 ildən çox İtaliya müstəmləkəçilərinə qarşı mübarizə aparan, “şəhidlərin müəllimi” və “mücahidlərin müəllimi” ləqəbləri ilə tanınan Ömər Muxtarın şəhadət ildönümü Liviyada rəsmi qeyri-iş günüdür. Liviyalılar həmin günü “Şəhidlər günü” adlandırırlar.