17 Sentyabr 2021 10:09
3 364
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin Vaşinqtonda Avstraliya Xarici işlər naziri Mariz Peyn və müdafiə naziri Piter Dattonla dördtərəfli görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.

Teleqraf.com xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Blinken ABŞ, Avstraliya və İngiltərə arasında yeni hərbi anlaşma haqda danışıb.

O, bu anlaşmada yer almayan Fransanın etirazlarına da münasibət bildirib: “Hind-Sakit okean bölgəsində əhəmiyyətli rol oynayan Avropa ölkələrini alqışlayırıq. Burada NATO, Avropa Birliyi və digər ölkələrlə sıx əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirik. Xüsusilə bu və digər məsələlərdə Fransa kritik tərəfdaşdır”.

Fransanın bu razılaşmada yer verilmədiyi üçün özünü “kürəyindən bıçaqlanmış” kimi hiss etməsi ilə bağlı bir suala cavabda Blinken Parisin Vaşinqton üçün vacib tərəfdaş olduğunu deyib.

O, ABŞ və İngiltərə ilə anlaşmağın Avstraliyanın seçimi olduğunu bildirib.

ABŞ Prezidenti Co Bayden, İngiltərə Baş naziri Boris Conson və Avstraliya Baş naziri Skott Morrison AUKUS adlı yeni təhlükəsizlik əməkdaşlığı qurulduğunu açıqlayıblar.

AUKUS müqaviləsinin imzalanması ilə Avstraliyanın 2015-ci ildən bəri Fransa ilə həyata keçirdiyi və əvvəlcə 43 milyard dollara başa gələn, sonra 90 milyard dollara çatan və ölkədə mübahisələrə səbəb olan “Sualtı Gəmi Proqramı” ləğv edilib. Buna reaksiya verən Fransa Xarici işlər naziri Jan-İv Lyö Drian və müdafiə naziri Florens Perli Avstraliya hökumətinin bu qərarının əməkdaşlıq ruhuna zidd olduğunu bildiriblər.

Fransa mediası anlaşmanı “Müttəfiqləri Parisi kürəyindən bıçaqladılar” başlığı ilə manşetlərdə yer verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər