Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev Xəzər dənizinin sahilində yerləşən Mangistau bölgəsində yeni neft-qaz quyularının kəşfiyyat işlərinə başlayacaqlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Tokayev Mangistau əyalətinin mərkəzi Aktau şəhərinə səfəri çərçivəsində bölgə rəhbərliyi ilə görüşüb.
Görüşdə zəngin neft və qaz ehtiyatlarına malik əyalətin sosial-iqtisadi inkişafı qiymətləndirilib. Tokayev buradakı çıxışında bölgədəki neft yataqlarının 2030-cu ilə qədər tədricən tükənəcəyini və hasilatın azalacağını gözlədiyini deyib.
Geoloji kəşfiyyata qoyulan investisiyaların artacağını və yeni qazma işlərinin sürətlənəcəyini qeyd edən Tokayev bildirib ki, ilin sonuna qədər yaradılacaq Milli Geoloji Xidmət bu sahədə məsuliyyəti üzərinə götürəcək.
Tokayev ümumi dəyəri 5 milyard dollar olan “Kalamkas Təniz” və “Xəzər” kimi böyük yataqlarda qazma işlərinə başlayacaqlarını əlavə edib.