23 Sentyabr 2021 16:48
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniya Baş naziri Boris Consonla görüşüb.

Teleqraf.com xəbər verir ki, görüş BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sammiti çərçivəsində baş tutub.

Donbas və Krım münaqişələrinin müzakirə olunduğu görüşdə Ukrayna lideri Rusiyada saxlanılan təxminən 450 ukraynalıdan ibarət siyahını Böyük Britaniyanın baş nazirinə təqdim edib.

Tərəflər Ukraynanın şərqində, Qara dəniz-Azov bölgəsindəki təhlükəsizliyin durumu ilə bağlı fikir mübadiləsi aparıblar. Bundan əlavə, Zelenski və Conson Rusiya ilə münaqişədə Ukraynanın müdafiəsini və donanmasını gücləndirmək üçün İngiltərə ilə gələcək əməkdaşlığa diqqət yetiriblər.

Tərəflər “Şimal axını 2” layihəsinin energetika sahəsi və Avropa üçün yaradacağı problemləri müzakirə ediblər. Ukrayna prezidenti bu layihənin Rusiyanın geosiyasi silahı olduğunu vurğulayıb.

Vladimir Zelenski Krım Platformasının yaradılmasında, habelə müvəqqəti işğal altında olan Krımla bağlı Kiyevin fəaliyyətlərinə verdiyi dəstəyə görə Britaniya baş nazirinə təşəkkür edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər