11 Noyabr 2014 20:45
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov Qərbin Rusiya ilə bağlı siyasətini pisləyib və “soyuq müharibə” haqqında xəbərdarlıq edib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Almaniyanın “Die Welt” qəzeti M.Qorbaçovun Berlin divarının sökülməsinin 25-ci illiyi ilə bağlı keçirilən bayram tədbirində çıxışından sitat gətirib.

“Berlin divarının sökülməsindən sonra ümid var idi ki, Avropada münaqişələrin həllinin yeni nümunəsi yaranacaq. Ancaq dünya başqa yolla getdi. Avropa, ümumilikdə dünya siyasəti bərpaolunma testindən keçə bilmədi. Dünya yeni “soyuq müharibə” qarşısındadır. Bəziləri deyirlər ki, o artıq başlanıb", - deyə Qorbaçov bildirib.

SSRİ-nin keçmiş prezidentinin sözlərinə görə, Qərb, xüsusilə ABŞ 1989-cu ildə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi: “Qərb öhdəlikləri yerinə yetirmək əvəzinə özünü “soyuq müharibə”nin qalibi elan etdi. Qərb siyasətçiləri eyforiyaya qapılmağa başladılar. Onlar Rusiyanın zəifliyindən istifadə edərək dünyada liderliyi ələ keçirməyə cəhd etdilər. Artıq 1990-cı illərdə Qərb Rusiya ilə münasibətlərdə etibardan sui-istifadə etməyə başladı. Bundan ən çox kim əzab çəkir? Avropa, bizim ümumi evimiz".

M.Qorbaçov Ukrayna böhranı haqqında danışarkən Rusiya prezidenti Vladimir Putinin siyasətini dəstəkləyib. Onun fikrincə, ABŞ-ın kəskin tənqidlərinə baxmayaraq, Putin gərginliyi səngitməyə çalışır və əməkdaşlıq üçün yeni bazanı yaratmağa cəhd göstərir.

Qorbaçov hər iki tərəfə zərər verən sanksiyaların tədricən ləğvi təklifi ilə çıxış edib. O bildirib ki, xüsusən hər iki tərəfdən olan siyasətçilərə qarşı sanksiyalar ləğv olunmalıdır.


Müəllif: