Perm diyarının istintaq idarəsinin rəisi Sergey Sarapultsevin ölümünün səbəbləri hələ də məlum deyil.
Teleqraf.com xəbər verir ki, istintaq orqanları baş verənlərin bütün mənzərəsini bərpa edərkən “Kommersant” qəzeti faciənin qeyri-adi təfərrüatını təqdim edib.
Üç ildir regional istintaq idarəsinə rəhbərlik edən ədliyyə polkovnikinin cansız cəsədi sentyabrın 23-ü günortadan sonra evində tapılıb. Qəzetin yazdığına görə, Sergey Sarapultsevin ölümü onun xidməti fəaliyyətilə əlaqədar deyil. Bu versiya zabitin intihardan əvvəl yazdığı bir qeydlə süuta yetirilə bilər. Onun bütün sözləri yalnız Allaha xitabən yazılıb.
“Kifayət qədər yaşadım. Rəbbim İsa Məsih, mənim bütün günahlarımı bağışla. Məni - ləyaqətsiz qulunu əfv et”, - deyə qəzet Sarapultsevın ölümqabağı məktubundan sitat gətirib.
“Kommersant”ın yazdığına görə, bu, Sarapultsevin intihar üçün ilk cəhdi deyil. Rusiya Federasiyası İstintaq Komitəsinin Perm diyarı üzrə İstintaq İdarəsinin rəisi ilk dəfə ötən il oxşar məzmunlu qeyd buraxaraq intihar etmək istəyib.
Sarapultsevin həmkarları onun xidmətdə heç bir problem yaşamadığına əmindirlər, baxmayaraq ki, o, bir vaxtlar hüquq təhsili aldığı Perm Universitetində bu yaxınlarda baş verən qırğına görə çox üzülüb.